Rafiq Bayramovun məhkəməsi başladı
2020-ci ilin mayından həbsdə olan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İyunun 1-də hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, Rafiq Bayramov ümumilikdə 1 milyon 800 min manatlıq mənimsəmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilir. Keçmiş nazir müavini Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumlarda elan olunan tenderlərdə özlərinə yaxın şirkətləri qalib elan etməklə, büdcədən ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə, mədəniyyət müəssisələrindən (musiqi məktəbləri və s.) hər ay rüşvət almaqda ittiham olunur.
Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311.3.3 (külli miqdarda rüşvət alma) və başqa maddələrilə ittiham irəli sürülüb.
Prokurorun elan etdiyi ittihama münasibət bildirən sabiq nazir müavini onlarla qismən razılaşıb. Rafiq Bayramov özünü qismən təqsirli bildiyini deyib.
Keçmiş nazir müavinin məhkəməsi iyunun 3-də dindirmələrlə davam edəcək.
Rafiq Bayramov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onunla eyni vaxtda nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da saxlanılıb. Onların işi üzrə istintaq birlikdə aparılıb. Lakin istintaqın sonunda Zakir Sultanovun işi ayrılıb.