“Hökumət işsizlik və yoxsulluğu insanların tənbəlliyi ilə bağlamaq istəyir”
“İki il əvvələcən işləyirdim. Aylıq əmək haqqım 600-700 manat civarında olurdu. Qızım dünyaya gələndən sonra 3 ay işləyə bildim. Sonra işdən ayrılmalı oldum” – deyir, 29 yaşlı Leyla Cəfərova.
Maaşım ancaq dayənin əmək haqqı və yolpulumu ödəyirdi
L.Cəfərova uşaqla çalışmağın çətin olmadığını söyləyir. Onu işdən uzaq salan maddi sıxıntı, maaş yetməzliyidir:
“İlk bir ayı anam baxdı. Hər şey əvvəlki kimi idi. Anam evinə dönəndən sonra dayə tutmalı oldum. Həftənin 6 günü, səhər saat 8-dən axşam 7-dək 450 manata razılaşdıq. İki ay sonra fərqinə vardım ki, maaşım ancaq dayənin əmək haqqı və yolpulumu ödəyir. Əvvəlcə maaşımın qaldırılması üçün müdiriyyətə müraciət etdim. Razılaşmayandan sonra işdən ayrıldım. İndi qızıma özüm baxıram. Gələcəkdə 1000 manatdan yuxarı əmək haqqı olan iş tapsam və ya qızım məktəbə gedəndən sonra işləyə bilərəm. Vəziyyət ürəyimcə deyil, sadəcə məcburam”.
Qadınları işdən uzaq salan nədir?
“Sənin işləməyin mənə lazım deyil”, – sözləri Azərbaycan ailələrində tez-tez eşidilir. Fərqi yoxdur, universitet bitirib, ya yox, “qadın evdə oturar” anlayışı əksər Azərbaycan ailəsində var – deyir, ekspertlər. Onlar qadını özündən asılı vəziyyətdə saxlamaq, onu şəxsi “mülk”ünə çevirməyin uyğun olduğunu düşünürlər.
Qadınlar təkcə həyat yoldaşının istəyi ilə yox, bəzən də Leyla Cəfərova kimi maaş çatışmazlığından evdə oturur.
Kömək üçün müraciət etmirlər, iş axtarmırlar
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə mətbuata müsahibəsində ölkədə 890 min nəfər əmək qabiliyyətli qadının öz istəyi ilə çalışmadığını deyib. Nazir əksər qadınların evdar olmağa üstünlük verdiklərini söyləyib:
“Əmək qabiliyyətli əhalinin sayı altı milyondan yuxarıdır. Göründüyü kimi, qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq şəkildə “işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq” – deyirlər. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.
Nazir qadınların işləmək istəmədiyini nə ilə əsaslandırır?
İqtisadçı Rövşən Ağayev nazirin müsahibəsində hansı tədqiqat və araşdırmaların nəticəsində bu qənaətə gəldiyini açıqlamadığını deyir:
“Qadınların işləmək istəmədiyini nə ilə əsaslandırır? Yalnız ona görə ki, Məşğulluq Mərkəzlərinə müraciət etmirlər və işsiz kimi qeydiyyata düşmürlər? Niyə müraciət etsinlər ki? İnsanlar onsuz da bilirlər ki, real əmək təklifi ilə müqayisədə iqtisadiyyatın iş qüvvəsinə tələbi son dərəcə azdır. Əksər hallarda həmin mərkəzlərə müraciət əlavə zaman itkisidir. Hətta İnkişaf etmiş ölkələrdə əmək bazarının dövriyyəsində dövlət məşğulluq mərkəzləri üstün paya malik olmurlar. İşaxtaranlar şəxsi əlaqələri, şirkət elanları və başqa iş təklifi kanallları ilə də rahatlıqla iş əldə edirlər. Məsələ təkcə kəmiyyət tərəfində deyil. İnsanların öz peşə-ixtisas səviyyəsinə uyğun iş yerlərinin mövcudluğundan gedir”.
Mühəndisin fəhləlikdən imtina etməsini tənbəlliyə yozmaq yanlışdır
Rövşən Ağayev deyir ki, əmək qabiliyyətli insanın peşə-ixtisas səviyyəsi ilə iş yerinin ixtisas səviyyəsi uyğun gəlmirsə, bu, səmərəli məşğulluq deyil:
“Təsəvvür edin ki, bazara 100 min ixtisaslı əmək təklif olunur, amma əmək bazarı 500 min ixtisassız iş yeri təklif edir. Kəmiyyət baxımın vəziyyət yaxşı görünür: iş qüvvəsi bazarında tələb təklifi 5 dəfə üstələyir. Amma ali, orta və ya peşə təhsilinə malik əmək qabiliyyətli şəxsin tam ixtisassız və onların peşə-ixtisas səviyyəsindən aşağı iş yerlərini seçməsi nə qədər səmərəli və ədalətli yanaşmadır.
Mühəndisin fəhləlikdən imtina etməsini tənbəlliyə yozmaq yanlışdır. Məsələn, nazirlik araşdırma aparıbmı ki, işləməyən qadınların hansı hissəsi yüksək ali, orta ixtisas və ya peşə təhsilinə malikdir və mövcud əmək bazarı bu ixtisas tələblərinə uyğun iş yerləri təklif etmək potensialına malikdir? Araşdırma varsa, müsahibədə belə maraqlı məqamları da səsləndirmək vacibdir”.
İşsizlik və yoxsulluğu insanların tənbəlliyi ilə bağlamaq istəyirlər
İqtisadçı sual edir ki, doğurdanmı 1 milyon nəfərə yaxın iqtisadi fəal qadın işləməyib, evdar olmağı üstün tutur?
“Ləyaqətli əmək haqqına, əlverişli və insanların peşə-ixtisas səviyyəsinə uyğun iş yerləri var, amma yüz minlərlə insan bu iş yerlərini görməzdən gəlir? Özü də söhbət o ölkədən gedir ki, əhalinin hətta orta real gəlirləri belə insanların orta sinfə daxil olması üçün yetərli deyil. Ümumiyyətlə rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marağındadır və işləmək istəmir. Belə ailələrin olması istisna deyil. Bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddur.
Əslində bu təbliğat hökumətin səmərəli məşğulluğu təmin etmək sahəsində bacarıqsızlığını pərdələmək, işsizlik və yoxsulluğun əsasən insanların tənbəlliyi ilə bağlı olduğunu ictimai şüura oturtmağa xidmət edir”.
Qeyri-rəsmi məşğulluğun payı 70 faizdir
Rövşən Ağayev deyir ki, S.Müslümovun müsahibəsindən nazirlik üçün əsas prioritetin özünüməşğulluq proqramlarının dəstəklənməsi olduğu hiss olunur:
“Əsasən də aqrar sektorda. Problem ondadır ki, özünüməşğulluq proqramları əsasən qeyri-rəsmi əmək sferasında yaranır. Müasir dünyada isə çox kiçik istisnalarla aşağı texnoloji məşğulluq seqmentinə aid olduğu üçün qeyri-formal məşğulluğun genişlənməsinə maraq kütləvi deyil.
Bircə fakt deyim: bizdə qeyri-rəsmi məşğulluğun payı 70, inkişaf etmiş ölkələrdə 5-10 faiz ətrafındadır. Son 20 ildə hökumət bu nisbəti dəyişməyibsə, səbəbi nədir? Müsahibədə belə vacib və strateji məsələnin cavabı yoxdur. İnkişaf etmiş ölkələrdə hökumətlər üçün hədəf mikro və kiçik müəssisələrin, aqrar sektorda isə kooperativlərin dəstəklənməsidir. Özünüməşğulluq proqramlarının əhatə dairəsi əsasən kapitaltutumlu olmayan və ixtisassız iş yerlərinin açılması ilə sərhədlənir”.
Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik
İqtisadçı deyir ki, dünya təcrübəsi orta və yüksək texnoloji səviyyəli istehsal strukturu yaratmağa nail olmuş iqtisadiyyatlarda hökumətlərin özünüməşğuluq proqramlarına ehtiyac görmədiklərini göstərir:
“Bəs bizdə necədir? Bu proqram çərçivəsində yaranacaq bir iş yerinin əlavə dəyər formasında iqtisadiyyata qatqısı nə qədər gözlənilir və ümumiyyətlə belə hesablamalar varmı?”
Deputat Zahid Oruc isə Milli Məclisin oktyabrın 2-də keçirdiyi iclasda çox sayda boş işçi ştatı olduğunu söyləyib:
“34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu yerlər insanların universiteti necə qurtarmasından asılı olmayaraq boşdur. Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik”.