”Nazim Ağabəyova təklif olunan vəkil 6 ay əvvəl dünyasını dəyişib”

Vəkil Adil İsmayılovun vəsatəti təmin edilməyib

Source:
Meydan Tv Emin Milli
Meydan Tv Emin Milli

Vəkil Adil İsmayılovun vəsatəti təmin edilməyib

Fevralın 26-da Meydan TV-nin direktoru Emin Millinin həbsdə olan qaynı Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesi davam edib.

Azadlıq Radiosunun məlumatına görə, Nazim Ağabəyovun vəkili Adil İsmayılov çıxışında növbəti vəsatət qaldıraraq prosesə müstəntiqin gətirilməsini istəyib.

Adil İsmayılov əvvəlki vəsatətlərinin də təmin olunmamasını yada salaraq bu işin sifarişli olduğunu söyləyib: «Əvvəlki iclaslarda bəzi vəsatətlərimi təmin etdiyinizə görə peşman olduğunuz da məlum olub. Növbəti vəsatətimi təmin edəcəyinizə və müstəntiq Əflatun Səlimovu şahid qismində məhkəməyə çağıracağınıza inanmasam da, bunu Sizdən xahiş edirəm».

Müstəntiqə ünvanlanan suallar…

Vəkil deyib ki, üzərindən hələ narkotik tapılmazdan öncə müstəntiq N.Ağabəyovu şübhəli şəxs kimi saxlayıb. A.İsmayılov müstəntiqin N.Ağabəyova vəkillər siyahısı təqdim etməsinə də toxunub. O, müstəntiqdən bu vəkilləri hansı meyarla seçdiklərini soruşmaq istədiyini deyib. «Çünki o vəkillərin bəzilərinin iş yerləri düzgün göstərilməyib, bir vəkil isə 6 ay öncə vəfat edib» – deyə vəkil hakimin diqqətinə çatdırıb.

Vəkil sonra da deyib: «Məsələn soruşacağam ki, cinayət işi başlamaq üçün onun qanunda nəzərdə tutulmuş hansı əsasları olub? Cinayət işi başlamağa səbəb olmuş materialları görmədən, onu necə başlamaq olar?»

Vəkil cinayət işi başlamaq haqqında qərarda işin başlanması tarixinin göstərilməməsini də ciddi qanun pozuntusu sayır. «Bir də soruşacaqdım ki, cinayət işi başlayanda kimyəvi ekspertizanın rəyi onda olubmu? Olmayıbsa, qərarda narkotik vasitələrin çəkisini haradan götürmüşdür? Cinayət işi ekspertiza rəyini alandan sonra başlanıbsa, o zaman müstəntiq iyulun 23-ü saat 17:35-dən saat 18:00-a kimi N.Ağabəyovu şübhəli şəxs kimi necə dindirib?», – deyə vəkil sual edib.

A.İsmayılov məhz bu suallara görə müstəntiqin iclasa gətirilməsinin vacib olduğunu qeyd edib.

«Ümid sonda ölür deyirlər. Ümid edək ki, vəsatətimi təmin edəcəksiniz. Etməyəcəksinizsə, müstəntiqin əvəzinə suallara Siz cavab verəcəksiniz»,-deyə vəkil vurğulayıb.

Adil İsmayılov ötən məhkəmə iclasında narkoloji ekspertiza keçirilməsi üçün müdafiə etdiyi şəxsin aparılıb-gətirilməsi barədə aktın, həmçinin ekspertiza rəyinə əlavə edilməli olan spektroqramın (narkotik vasitələrin tərkibi barədə) surətlərinin məhkəməyə təqdim olunmasını istəmişdi.

«Vəkil yarım il əvvəl dünyasını dəyişib”

«Azərbaycan vəkilləri öləndən sonra da vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməkdə davam edirlər». Bu fikirləri isə Adil İsmayılov özünün Facebook səhifəsində yazıb. Vəkil bildirib ki, əvvəlki məhkəmə iclasında təhqiqatçı Şövqi Əhmədovun sahid qismində məhkəməyə dəvət edilməsini xahiş edib: «Məhkəmə gözlədiyim kimi qanunsuz olaraq vəsatətimi təmin etmədi. Vəsatətim təmin edilsəydi, təhqiqatçıya şoxlu suallarım olacaqdı. İstintaq materiallarında Ağabəyova müdafiəçi seçmək hüququnun izah edilməsi barədə protokol var. Protokolda göstərilir ki, “Nazim Ağabəyova müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək hüququna malik olmasını izah etməklə aşağıdakı vəkillərin sihahısı təqdim edilmişdir.

1. 14 saylı hüquq məsləhətxanasının vəkili Ağayev Elman Qulu oğlu

2. 5 saylı hüquq məsləhətxanasının vəkili Əliyev Oktay Məmmədoviç

3. 5 saylı hüquq məsləhətxanasının vəkili Cavadov Qeybulla Hafiz oğlu

4. 5 saylı hüquq məsləhətxanasının vəkili Sadıqov İbrahim Miri oğlu

5. 5 saylı hüquq məsləhətxanasının vəkili Allahmanov Şöhrət Bəbir oğlu

6. 5 saylı hüquq məsləhətxanasının vəkili Qasımov Tofiq Qaraş oğlu

7. 13 saylı hüquq məsləhətxanasının vəkili Bağırov Bilal İsa oğlu”.

Şövqi Əhmədovdan soruşacaqdım ki, bu siyahıda göstərilən vəkillər hansı meyarla seçilib? Ona məlumdurmu ki, Cavadov Qeybulla Hafiz oğlu və Allahmanov Şöhrət Bəbir oğlu 5 saylı yox, 14 saylı hüquq məsləhətxanasının vəkilləridir? Bir də soruşacaqdım ki. Nazim Ağabəyov həmin siyahıdan Qasımov Tofiq Qaraş oğlunu seçsəydi, həmin vəkili necə dəvət edəcəkdi? Axı Tofiq Qasımov bu protokol tərtib olunmamışdan yarım il əvvəl dünyasını dəyişib».

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin N.Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

N.Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

Ana səhifəXəbərlər”Nazim Ağabəyova təklif olunan vəkil 6 ay əvvəl dünyasını dəyişib”