Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Fotolar: Meydan TV

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir

Səriyyə Qəmbərova 2007-ci ildən Naxçıvan şəhərindəki 1 saylı tam orta məktəbdə fiziki tərbiyə fənni üzrə müəllim işləyib. Bu yaxınlarda işdən çıxarılıb. O, Meydan TV-yə danışır ki, bütün problemlər bu ilin mayında Naxçıvana təhsil naziri təyin olunmuş Elxan Nəcəfovu tənqid etməsindən sonra baş qaldırıb.

Səriyyə Qəmbərova iddia edir ki, Naxçıvana yeni təhsil nazirinin gəlişiylə Hesablama Palatası təhsil müəssisələrində audit yoxlamalara başlayıb. Kəsir çıxan pulları isə bədən tərbiyəsi, texnologiya və  xarici dilləri tədris edən müəllimlərin iş saatını azaltmaqla ört-basdir etməyə çalışıblar:

“17 məktəbdə bu fənləri birləşdirmək istədilər. Etiraz etmək üçün 300 müəllim əvvəl Naxçıvan Şəhər Təhsil Şöbəsinin qarşısına getdi, binanın qapılarını bağladılar, içəri buraxmadılar. Onlar da oradan Ali Məclisin qarşısına üz tutdular. Mən də ora getdim. Çünki mənə də dərs saatımın azalmasıyla, əməkhaqqımın yarıbayarı kəsilməsiylə bağlı xəbərdarlıq etmişdilər, razılaşmamışdım, Nazirlər Kabinetinin qərarını tələb etmişdim”.

Səriyyə xanımın sözlərinə görə, aksiyada o, nazirə maaşının kəsilməsinə, dərs saatının azaldılmasına görə narazılığını bildirib:

Mən ona deyirəm ki, maaşım kəsilib, dərs saatım azaldılıb, bu, qanunsuzdur. O isə söhbətdən yayınmaq üçün mənə deyir ki, sən özünü müəllim adına layiq aparmırsan. Dedim, mənə müəllimlik diplomunu siz verməmisiz, məni müəllim təyin etməmisiz, siz kimsiniz ki, mənim müəllimliyimi şübhə altına alırsınız? Biz də sizə yaraşdırmırıq ki, dünən Naxçıvana nazir gəlmisiniz, bu gün bu qədər müəllimin dərs saatını kəsmisiniz. Unutmayın ki, o kreslo çoxunu yola salıb. Sözlərim xoşuna gəlmədi”.

S.Qəmbərova danışır ki, dərs saatının azaldılmasına görə sentyabrın 16-da etirazını ərizə formasında da bildirib. Sentyabrın 18-də məktəbə gedəndə görüb ki, iş otağının qapısının açarı dəyişdirilib. Direktora bu barədə irad tutanda aralarında insident yaranıb. Müəllimə iddia edir ki, direktor onu döyüb, ancaq xadimələrə tapşırıb ki, özünün döyülməsi barədə şahidlik etsinlər.

Foto: Səriyyə Qəmbərovanın şəxsi arxivindən

Səriyyə Qəmbərova məktəbə təcili yardım və polislərin, Təhsil Şöbəsinin müdirinin gəldiyini deyir. Hadisənin təsiri altında olduğuna görə evə getdiyini, həmin gün ekspertizadan keçmədiyini bildirir. Qeyd edir ki, hadisənin üstündən on gün keçdikdən sonra polisdən zəng vuraraq ona ekspertizadan keçməyi təklif ediblər, o da gedib. Məlum olub ki, döyülmə izləri hələ də qalıb, izləri qeydə alıblar.

Oktyabrın 3-də Səriyyə Qəmbərovanın 16 sentyabrda yazdığı ərizəsinə cavab gəlib. Cavabda məktəbə davamlı gəlmədiyinə görə Əmək Məcəlləsinin 70c bəndiylə işdən çıxarıldığı qeyd edilib:

Cavabda yazılıb ki, guya mənim dərs saatımı artırıblar, ancaq mən məktəbə getməmişəm. Halbuki, dərs saatlarımın artırılması barədə mənə ərizə yazdığım gündən həmin günədək heç bir məlumat verilməmişdi. Dərs saatlarımın artırıldığını bilsəydim, əlbəttə ki, həmişə olduğu kimi yenə vaxtında işimə gedib, dərsimi keçəcəkdim. Bu barədə mənə yalnız işdən çıxarılmağımla bağlı yazıb göndərdikləri məktubda məlumat verilirdi. Niyyətləri düz idisə, doğrudan da dərslərim 26 saatadək artırılmışdısa, bunu işdən çıxarandan sonra niyə yazıb göndərirdilər?”.

Keçmiş müəllim direktor tərəfindən döyülməsinə görə polisə, işdən çıxarılmasına görə məhkəməyə ərizəylə müraciət edib. O hesab edir ki, məktəbdə baş verənləri sosial şəbəkələr vasitəsilə ictimailəşdirdiyinə (videogörüntüləri yayıb) görə işdən çıxarılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Meydan TV-yə bildirilib ki, qurumda Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı məlumatlar araşdırılıb. Məlum olub ki,  məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qəmbərova sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. Ancaq sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb. Tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərsləri tədris etməyib. Müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub. Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən onun əmək müqaviləsinə xitam verilib.

Bundan başqa, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna da töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq olunub.

Ana səhifəBölgəNaxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb