Natiq Kərimovun oğlu: Atamın səhhətində ciddi problem var.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır. Bunu musavat.com-a açıqlamasında N.Kərimovun oğlu Kamran Kərimov deyib.
“Ailə üzvlərindən atamla görüşən olmayıb. Yanvarın 8-də sovqat aparmışdım. Görüşə icazə verilmir. Vəkil də görüşməyib. Atamın səhhətində ciddi problem var. Bunu hamı bilir. Orada onun üçün çox çətin olacaq” – deyə K.Kərimov bildirib.
K.Kərimovun sözlərinə görə, N.Kərimov başqa vəkil istəməməsi haqda ailəsinə məlumat göndərib.
Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.