"Çox güman, növbəti addım Konstitutsiya dəyişikliyi olacaq"
“Ölkəmizin inkişafı üçün yeni dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial – bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var”.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı çıxışı zamanı belə deyib.
O, işğaldan azad edilən bölgələrin növbəti inkişafın aparıcı qüvvəsinə çevriləcəyini söyləyib: “Sadəcə azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır. O torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları. Çünki bilirsiniz, əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bunlar bizə yaraşmır. Bu qüsurı təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək”.
Deputat Vüqar Bayramov deyir ki, işğaldan azad olunan torpaqlarda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağrışlara uyğun qurulmasını özündə ehtiva edəcək.
Onun sözlərinə görə, artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb: “Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə Prezidentin qeyd etdiyi kimi növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək”.
İqtisadçı deyir ki, potensial baxımdan 2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib:
“Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu, o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmli deyil və 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb”.
Vüqar Bayramov bildirib ki, yeni model formalaşandan sonra isə işğaldan azad olunan ərazilər ölkədə iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, müstəqil iqtisadçılar dəfələrlə bərpa işlərinin bir mərkəzdən idarə edilməsinin vacibliyini, “yaşıl iqtisadiyyat”, bərpa olunan enerji mənbələrinin qurulması, “smart” şəhər və qəsəbələrinin yaradılmasından danışıblar.
O bildirib ki, son günlər hökumət də məsələyə eyni cür yanaşır.
İqtisadçı bunun təqdirəlayiq hal olduğunu deyir: "2013-cü ildən başlayaraq ölkədə ərazi idarəedilməsinin yeni mərhələyə keçməyin vacibliyini, “El və Oba” sisteminin tədbiqini təklif ediblər. Sonra təkliflərimizi təkmilləşdirərək iri iqtisadi rayonların yaradılmasının vacibliyini vurğulamışıq. Rayonların iri İqtisadi Regionlarda birləşdirilməsi, yerli İcra Hakimiyyəti institutlarının ləğvini, yerli özünüidarənin gücləndirilməsini, Mer seçkilərinin təşkilini dəfələrlə gündəmə gətirdik. Nəhayət, Prezident bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni idarəçilik sisteminin yaradılması ilə bağlı fərman verdi. Məncə, bu, yeni islahatların ilk işarəsidir. Çox güman, növbəti addım Konstitutsiya dəyişikliyi olacaq. Bu məsələ artıq yetişib, yeni “ictimai sazişə”, yeni idarəçilik modelinə ehtiyac var – iqtisadiyyatda atılan addımlar idarəetmə sisteminin dəyişməsi baş verməsə, ədalətli məhkəmə sistemi yaranmasa müsbət nəticə verə bilməz”.
Natiq Cəfərli deyir ki, ilk addımlar atıldı, ilk qərarlar verildi, artıq hərbi qələbənin siyasi, iqtisadi və sosial keyfiyyət dəyişikliyinə çevrilməsi zamanıdır.