Natiq Cəfərli: Yanvarın sonunda ərzaq qıtlığı yarana bilər

”Məhsulların, dərman pereparatlarının piştaxtalardan tədricən yoxa çıxmasını müşahidə edəcəyik”

Source:


”Məhsulların, dərman pereparatlarının piştaxtalardan tədricən yoxa çıxmasını müşahidə edəcəyik”

Bankların əksəriyyətinin dollar satışını dayandırmasına, xarici valyutanın limitlə verilməsinə baxmayaraq, ticarət köşklərində mal və apteklərdə dərman qıtlığı sezilmir. Ərzaq, məişət mallarının bütün çeşidləri satışda var.

İqtisadçı Natiq Cəfərli qıtlığın yaranmamasını iş adamlarının birdəfəyə yox, 3-4 aylıq mal gətirmələrilə izah edib:

“Kütləvi və daha çox həcmdə malın gətirilməsi daha ucuz başa gəlir. Daha çox mal alanda daha ucuz götürə bilirlər. Çox güman ki, hazırda anbarlarda olan mallar satışa çıxardılır”.

Meydan TV-yə bu barədə şərh verən Natiq Cəfərli bildirib ki, dollar qıtlığı belə davam edərsə, yanvarın sonlarında dükanlarda ərzaq qıtlığı yarana bilər:

“Məhsulların, dərman pereparatlarının piştaxtalardan tədricən yoxa çıxmasını müşahidə edəcəyik”.

Ancaq Natiq Cəfərli qənaətincə, yanvarın əvvəllərində bazarda tarazlıq yaranacaq. İndi Dövlət Neft Fondunun limiti tükəndiyindən bazara valyuta çıxara bilmir. Yanvarın əvvəllərində bir müddət bazarı sakitləşdirmək üçün daha çox həcmdə banklara valyuta çıxarılması mümkündür. Ən çətin ilin sonunda olacaq. Bütün hallarda valyuta bazarında normal tarazlıq yaranmasa, bir müddət sonra indiki problemlər yenidən yaşanacaq. Hazırda insanları məzənnə düşündürmür, bu, ikinci plana keçib, artıq valyutaya çıxış imkanlarının məhdudlaşması böyük problemə çevrilib. Çünki söhbət yalnız iş adamlarından getmir, övladını xaricdə oxudan valideynlər, müalicəyə getmək istəyən, yaxud turist səfərlərinə getmək niyyətində olanlar dollar axtarışındadırlar”.

“Qara bazar”ın bankların məqsədli şəkildə təşviq edilməsi barədə suala gəlincə, iqtisadçı deyir ki, “qara bazar”da dollar satmaq daha sərfəli olduğundan bu ehtimal var. Çünki həm vergidən yayınırlar, həm də daha yüksək məzənnəylə satırlar:

“Amma banklara kifayət qədər valyuta çatmadığından problemi tamamilə onların üzərinə qoymaq olmaz, həftədə iki dəfə hərrac keçirilir, 30-35 milyon dollar çıxarılsa da, tələb bundan 10 dəfə çox olur. Yəni bankların tələbi tam ödənilmədiyindən qıtlıq yaranır”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Yanvarın sonunda ərzaq qıtlığı yarana bilər