Natiq Cəfərli: ÜTT-ə üzvlüyün olmaması yalnız inhisarçı şirkətlərin maraqlarına cavab verir

ÜTT-nin yeganə şərti ondan ibarətdir ki, Azərbaycan gömrük və vergi siyasətində beynəlxaq oyun qaydalarına uyğunlaşmalıdır.

Source: Foto: Azərtac


“Azərbaycan öz işini tam görə bilmirsə, bunda “Şərq tərəfdaşlığı proqramı”nın günahı yoxdur”


Prezident İlham Əliyev

dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində Avropa İttifaqı ilə sazişin imzalanmaması səbəblərinə aydınlıq gətirib.

Dövlət başçısı bildirib ki, bunun səbəbi Azərbaycandır.

Prezident deyib ki, rəsmi Bakı Brüsselin təkliflərinə razılığını verməyib:

“Təkliflərdən biri ticarətlə bağlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün ÜTT-na üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi ÜTT-na üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq”.

İlham Əliyev ümumi olaraq “Şərq Tərəfdaşlığı” proqramı haqqında danışaraq xatırladıb ki, Azərbaycan bura başqa ölkələrlə birlikdə qoşulub:

“O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Son 10 ildə Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. “Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi – daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir”.

İlham Əliyev deyib ki, Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik.

“O ki qaldı, Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik”.

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli güman edir ki, prezidentin iqtisadi məsələlər üzrə komandası ya məqsədli, ya da bilməyərəkdən doğru analiz-arayış hazırlamayıb. O xatırladıb ki, qonşu ölkələr, Rusiya, Qazaxıstan, Ermənistan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdürlər.

“Məgər, bu ölkələrin bazarları keyfiyyətsiz məhsullarla dolub? Əksinə, Azərbaycan vətəndaşları həmin ölkələrə gedəndə, keyfiyyətli mal alıb gətirməyə çalışırlar. Səbəb də ÜTT-nin üzvü olmayan Azərbaycandakı keyfiyyətsiz malların sayının həmin ölkələrdə olandan qat-qat çox olmasıdır. İkinci, ÜTT-nin standartları olduğundan bazarı keyfiyyətsiz mallarla doldurmaq mümkün deyil. Üçüncü, Azərbaycanın daxili qanunvericiliyi keyfiyyətsiz məhsulları bazara buraxmağa imkan vermir. Yəni hökumət fəaliyyətini normal qursa, xaricdən ölkəyə keyfiyyətsiz mal gələ bilməz”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli prezidentin neft-qaz məhsulları ilə bağlı dediklərində də yanlışlıq olduğunu hesab edir:

“Söhbət ondan gedir ki, ÜTT-nın belə bir tələbi yoxdur və ümumiyyətlə, daxili tariflərə müdaxilə etmir. Dünyada ən çox qaz satan ölkə Rusiyadır. İldə Avropa ölkələrinə 150-155 milyard kubmetr qaz satır. Avropa Birliyi ölkələrində “Qazpromm”un satdığı ortalama qiyməti 310-320 dollardır, daxili bazarda isə 73-75 dollardır. Sadəcə, qiymət nəqliyyat xərclərinə görə regiondan regiona dəyişir, yəni vahid tarif sistemi yoxdur. Ona görə də ÜTT-na üzvlük daxildə qazın qiyməti ilə bağlı heç bir öhdəlik gətirmir. Daxili istehsalı qorumağa gəlincə, Azərbaycanın nəyi var ki, qorusun da. Azərbaycan corab, köynək istehsal edə bilməyən bir ölkədirsə, daxili istehsalın hansı maraqlarını qoruyacaq?!”

Onun fikrincə, daxili istehsalçı gec-tez dünyadakı oyun qaydalarına uyğunlaşmalıdır, rəqabət mühitinə öyrənməlidir ki, gələcəkdə də xarici bazarlara çıxa bilsin.

“Kənd təsərrüfatı məsələsinə gəldikdə, ÜTT subsidiyaları qadağan etmir. Hətta AB ölkələrində və Rusiyada, Gürcüstanda ciddi subsidiya siyasəti var. ÜTT-nin yeganə şərti ondan ibarətdir ki, Azərbaycan gömrük və vergi siyasətində beynəlxaq oyun qaydalarına uyğunlaşmalıdır. Bu isə Azəırbaycana mal və məhsul ixrac edən inhisarçı şirkətlərə sərf etmir, çünki rəqabət şəraitində qiymətin enəcəyindən, əhaliyə seçim imkanlarının yaranacağından çəkinir. Beləliklə, ÜTT-ə üzvlüyün olmaması yalnız inhisarçı şirkətlərin maraqlarına cavab verir”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan özünü Amerika və Çinlə müqayisə etməməlidir.

“Çünki satdığımız neftdir, onun da alıcısı bəllidir və ticarət müharibəsinə də aidiyyatı yoxdur. Bütün bunlar prezidentin iqtisadi komandasının ona yanlış analiz və rəylər hazırladığını təsdiqləyir və monopolistlərə xidmət etdiyi göstərir”.

ReAL Partiyasının üzvü bildirib ki, Avropa Birliyinin postsovet respublikalarına təqdim etdiyi “Şərq tərəfdaşlığı proqramı” əslində daxili problemlərin həllində yardımçı rol oynadı. Bu layihə çərçivəsində Azərbaycan hökuməti milyonlarla avro qrant aldı və müəyyən qanunların qəbulu üçün proqram vacib rol oynadı. “Şərq tərəfdaşlığı proqramı”nın ilkin müqaviləsində Azərbaycan şirkətlərinə güzəştli şərtlərlə Avropaya 350 milyon avro dəyərində ixraacat proqramı təqdim edildi. Ancaq Bakı proqramı doldura bilmədi, yalnız 70-80 milyonluq ixraacat etməyi bacardıq. Gürcüstan isə doldurdu və sonradan əlavə kvotalar üçün müraciət də etdi. Azərbaycan öz işini tam görə bilmirsə, bunda “Şərq tərəfdaşlığı proqramı”nın günahı yoxdur. Sadəcə, “Şərq tərəfdaşlığı proqramı”na Rusiyanın çox aqressiv münasibəti var və Ukrayna, Moldova, Gürcüstan olaylarında bu yanaşma özünü göstərdi. Azərbaycan hakimiyyəti də Rusiya ilə belə bir problem yaşamasını istəmir. Ona görə bunu başqa məsələlərlə izah edib, daxili üstünlüyə çevirməyə ehtiyac yoxdur. Hətta Ermənistan bu platformadan istifadə etməyi bacardısa, Azərbaycan niyə etməsin”.

Ana səhifəİqtisadiyyatNatiq Cəfərli: ÜTT-ə üzvlüyün olmaması yalnız inhisarçı şirkətlərin maraqlarına cavab verir