Natiq Cəfərli: Baş verənləri özəlləşdirmə hesab etmək olmaz

“Hər hansı uçuq-sökük binanın, yaxud avtomobilin satılması dövlət özəlləşdirmə proqramı deyil”

Source:


“Hər hansı uçuq-sökük binanın, yaxud avtomobilin satılması dövlət özəlləşdirmə proqramı deyil”

Əmlak Məsələləri Dövlət Komitəsinin dekabrın 27-də keçirdiyi növbəti hərracda 20 dövlət mülkiyyəti obyekti satılıb.

Bu barədə “Turan”-a qurumun mətbuat xidməti bildirir.

Məlumata görə, bir avtomobil və 1 regional SC-nin səhmləri rəqabət şəraitində satılıb. Onları start qiymətindən daha yüksək təklif edən iddiaçılar alıb.

Ümumən hərracda 14 istifadəsiz qeyri-yaşayış sahəsi və kiçik dövlət müəssisəsi, 5 nəqliyyat vasitəsi və 1 səhmdar cəmiyyətinin 30%-lik səhmləri satılıb.

2016-cı ilin sentyabrından ƏMDK 12 hərrac keçirib, bu hərraclara 700 dövlət mülkiyyəti obyekti çıxarılıb.

Xəbəri Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli deyir ki, hələ ötən ildən dövlət büdcəsində maliyyə kəsirinin bir hissəsinin dövlət əmlakının satılması hesabına aradan qaldırılacağı məlumdır.

Ancaq Natiq Cəfərli bu tipli məlumatlarda hərtərəfliliyin olmadığını deyir:

“Mənə neçə obyektin satılması maraqlı deyil, əsas həmin obyektlərin satışından dövlət büdcəsinə nə qədər gəlirin gəlməsidir. Təəssüf ki, bu həcm haqqında çox az məlumatlar verilir. Sonuncu məlumat bir ay əvvəl olub, büdcəyə bir neçə milyon manatlıq daxil olmalar haqqında rəmi açıqlama vardı. Bu da kifayət etmir, sanki hökumət özünü aldatmaqla məşğuldur. Doğrudan da, özəlləşdirmə proqramı çox vacibdir, dövlət üzərində olan yükü özəlləşdirmə vasitəsilə kənara atır. Bu baxımdan baş verənləri özəlləşdirmə hesab etmək olmaz. Hər hansı uçuq-sökük binanın, yaxud avtomobilin satılması dövlət özəlləşdirmə proqramı deyil”.

İqtisadçı Rusiyanın “Rosneft” şirkətinin səhmlərinin bir hissəsinin satışından dövlət büdcəsinə 10,5 milyard avro gəlir daxil olduğunu xatırladaraq bildirib ki, bu rəqəm Azərbaycanın 2017-ci il büdcəsindən 1 milyard manat çoxdur:

“Yəni özəlləşdirmə budur və ciddi investorların ölkəyə cəlb olunması deməkdir. Azərbaycanda isə nə xarici investorlar var, nə də özəlləşdirmədə iştirak edən ciddi investorlar. Sadəcə, adı dövlətin, amma kimlərəsə bağlı olan daşınan və daşınmaz əmlakın rəsmiləşdirilməsi aparılır. Dünənə qədər həmin obyektlər dövlətin olsa da, sahiblərinin kim olduğu bilinirdi, indi həmin şəxs özəlləşdirmə auksionları vasitəsilə onu rəsmiləşdirir. Ona görə də bu prosesi geniş özəlləşdirmə adlandırmaq gülüncdür. Əgər dövlət üzərindən yükü atmaq istəyirsə, ciddi şirkətlərin, aktivlərin satışa çıxarılması barədə qərar verməli və xarici investorların iştirakını təmin etməlidir. Əks təqdirdə baş verənlər özünü aldatmaqdır”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Baş verənləri özəlləşdirmə hesab etmək olmaz