”Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir”
2018-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 6 460,4 milyon dollar satıb. Bu, 2017-ci illə müqayisədə 2 862,3 milyon dollar və ya 79,55 faiz çoxdur.
İqtisadçı Natiq Cəfərli deyir ki, 2018-ci ildə valyutaya təlabat 2017-ci illə müqayisədə 80 faiz artıb:
“Səbəbi də odur ki, dövlət büdcəsindən xərcləri, layihələrin sayı artıb. Büdcədən xərclənən hər manatın ən azı 30-40 faizi korrupsiyaya yem olur. Həmin vəsaitin tamamına yaxını isə dollara çevrilir”.
İqtisadçı deyir ki, 2018-ci ildə ölkəyə idxal artıb. Bu, bir daha sübut edir ki, ölkədə qeyri-neft sektorunun inkişafı məsələsi nağıldı. Keçən ilin 11 ayının məlumatlarına görə, idxal 2017-ci ilin 11 ayı ilə müqayisədə 36,49 faiz artıb. Natiq Cəfərli də deyir ki, bütün istəqəmətlər üzrə idxalda artım var:
1) Ət – 63,5 milyon dollarlıq,
2) Süd – 11 milyon dollarlıq,
3) Kərə yağı – 62 milyon dollarlıq,
4) Meyvə-tərəvəz – 144,5 milyon dollarlıq,
5) Çay – 45 milyon dollarlıq,
6) Buğda – 187,5 milyon dollarlıq,
7) Bitgi yağları – 120,3 milyon dollarlıq,
8)Şəkər – 82,4 milyon dollarlıq,
9) Plastik və onlardan hazırlanan məmulatlar – 331,7 milyon dollarlıq,
10) Dərman – 266,8 milyon dollarlıq ölkəyə idxal olunub.
Natiq Cəfərli deyir ki, Azərbaycan xam nefti satıb. Həmin xam neftdən alınan plastik xaricdən idxal edir:
“Özü də 331,7 mln. dollar həcmində. Ya da, xaricdən 144,5 mln. dollarlıq meyvə-tərəvəz alırıq. Azərbaycan adicə buğdasını belə əkib-becərə bilmir. Keyfiyyətli məhsul alınmır, hər il buğdaya 200 mln. dollar xərcləyir. Buğda “iPhone” deyil, “Mercedes” deyil, kosmik gəmi deyil. 10 min ildi insan övladı buğdanı əkib-becərməyi öyrənib, amma bizdə hələ də alınmır”.