Nardaran sakini Fail Şahbazova hökm oxundu

Ailənin 4-cü üzvü də azadlıqdan məhrum edildi

Source:
Fail Atabala oğlu Şahbazov
Fail Atabala oğlu Şahbazov


Ailənin 4-cü üzvü də azadlıqdan məhrum edildi

Mayın 23-də Sabunçu rayon Məhkəməsində Nardaran hadisələrindən sonra üç üzvü həbs olunan Şahbazovlar ailəsinin daha bir üzvü- Fail Şahbazovun məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, iclasda onun vəkili Fariz Namazlı çıxış edib. Vəkil deyib ki, Fail Şahbazovun qanunsuz silah saxlama ittihamına heç bir aidiyyəti yoxdur. Vəkilin sözlərinə görə, o, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmədə baş verənlər haqda məlumatları, həmçinin 26 noyabr 2015-ci ildə Nardaranda polis əməliyyatı zamanı öldürülən 4 sakinin qəbrinin dağıdılması şəkillərini paylaşdığına görə həbs olunub. Vəkil Fail Şahbazovun həbs olunduqdan sonra işgəncəyə məruz qaldığını, dişlərinin sındırıldığını, soyuq yerdə paltarsız saxlandığına görə böyrəklərinin sıradan çıxdığını bildirib:

“Fail Şahbazov Nardaran kənd sakinidir, 4 qardaşdırlar. Ataları Atabala Şahbazov Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatından bir neçə gün sonra həbs olunub və Cinayət Məcəlləsinin 228.1(qanunsuz silah saxlama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Fail Şahbazovun qardaşı Əli Şahbazov atasının həbs səbəbini öyrənmək üçün polis şöbəsinə gedib. Orada ona atasının əvəzinə qardaşlardan birinin həbsə girməsi təklif edilib. Əli Şahbazov evin sonbeşiyi olduğundan buna razılaşıb. O, 2 dekabr 2015-ci ildə həbs edilsə də, atasını buraxmayıblar. Əli Şahbazova isə Cinayət Məcəlləsinin terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, kütləvi iğtişaş yaratma maddələri ilə ittihamlar verilib. Hazırda Əli Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Atasına isə 2 il 9 ay həbs cəzası verilib. Fail Şahbazovun daha bir qardaşı Natiq isə mayın 8-də həbs olunub. Ona da qanunsuz silah saxlama ittihamı verilib, hazırda istintaqı gedir”. Vəkil ona bəraət hökmü verilməsini istəyib.

Məhkəmə hökmü ilə Fail Şahbazov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Fail Şahbazovun silah gizlətməsi haqda məlumat daxil olub. Nardaran qəsəbəsində bağlar ərazisində keçirilən baxış nəticəsində palma ağacının altında qara sellofanda bükülü vəziyyətdə 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd “F-1” qumbarası aşkar olunub.

Amma Fail Şahbazov ittihamı rədd edir, həmin silahlara heç bir aidiyyatı olmadığını bildirir.

Ana səhifəXəbərlərNardaran sakini Fail Şahbazova hökm oxundu