Nardaran olayları: Hakimiyyətin yeni planlarına hazırlıq anonsu

İqtidar paytaxtı möhkəmləndirir və güc qurumları “X anına” hazır vəziyyətə gətirilir

Source:


İqtidar paytaxtı möhkəmləndirir və güc qurumları “X anına” hazır vəziyyətə gətirilir

Nardaran hadisələri Özbəkistanın Əndican şəhərində baş verənləri xatırladır.  Düzdür, proseslər hələ o dərəcədə kritik çalar almayıb. Xatırladaq ki,  2005-ci ildə yüzlərlə Əndican sakinin hakimiyyət tərəfindən güllələnməsi, aksiya rəhbərlərinin qaynar suda qaynadılması İslam Kərimov iqtidarının imicini xeyli dərəcədə korlamış oldu.

Paytaxtın yaxınlığındakı qəsəbədə baş verən olaylar zamanı hakimiyyət özünü olduqca sərt apardı və lüzumsuz amansızlığa yol verdi. Qəsəbədə keçirilən əməliyyat zamanı güllə atılması, həbslər keçirilməsi və bunun ardınca Naradarana gedən bütün yolların bağlanması, qəsəbəyə verilən elektrik enerjisinin, su və telefon xəttinin kəsilməsi, ərzaq məhsullarının əraziyə buraxılmasında yaradılan süni maneələr sanki daha müdhiş olayların xəbərçisi idi. Sanki daha qorxulu hadisələrə hazırlıq gedir və Nardaran hadisələri bu müstəvidə baş məşq rolunu oynayır.

Nardaran olayları ilə bağlı müzakirələr çox aparılıb. Lakin başlıca suallar hələ də açıq qalır. İlk növbədə, bu suala cavab vermək lazım gəlir – bu dərəcədə qeyri-peşəkar silahlı əməliyyat keçirilməsində kimlər maraqlı idi?  Dini baxımdan həssas olan bir qəsəbədə namaz vaxtı keçirilən əməliyyata ehtiyac var idimi?

Bu suallara axtarış fonunda onu da vurğulamaq lazım gəlir ki, baş verənlər hakimiyyət daxilidə cərəyan edən mərkəzdənqaçma tendensiyasını sanki unutdurdu. Lakin bütün bunların fokusları dəyişdirməkdən ötrü edildiyini söyləmək də yersizdi.  Nardaranda baş verənlərin, hakimiyyətin aşırı sırt davranışının bədəli olduqca ağır ola bilər və ehtimal ki, Nardaranda keçirilən bu dərəcədə bərbad əməliyyatın müəlliflərinin əsl məqsədi də elə situasiyanı xaos nöqtəsinə transfer etməkdən ibarət olub.

Baş verənlər Yaxın Şərqdə cərəyan edənləri xatırladır. Korrupsiya, işsizlik, yoxsulluqdan bezən vətəndaşlar haqqını  tələb edir və bu tələblər amansızlıqla yatırılır. Beynəlxalq ictimai rəyi çaşdırmaq üçün isə islamçı xofu yaradılır. Hakimiyyət özünün alternativinin radikal dinçilər olduğunu nümayiş etdirir. Lakin Qərb gerçək vəziyyət barədə dolğun məlumata malikdir və belə primitiv informasiya savaşı ilə uğur qazanmaq imkansız görünür.

Nardaran hadisələrini İran şəbəkəsinin əməlləri kimi dəyərləndirmək də uğur vəd etmir. Qərb Tehranla münasibətləri normallaşdırmaq fonunda konkret addımlar atır və bu baxımdan “İran xofu” da işləmir.

Nardaran hadisələri zamanı hakimiyyətdaxili qrupların qarşıdurması açıq sezilirdi. Lakin bu da ölkə başçısını məsuliyyətdən yayındırmır. Qəsəbədə keçirilən son xüsusi əməliyyat zamanı “prezidentin nəzarəti ilə həyata keçirilir” tezisinin gündəmə gətirilməsi məsuliyyəti İlham Əliyevin daşıdığını bəyan etmək anlamına gəlir. Bəzi araşdırmaçılar hesab edirlər ki, proseslər müəyyən mənada ölkə rəhbərinin nəzarətindən çıxmaq üzrədir və baş verənlər 2018-ci ildə hakim komandadan prezidentliyə namizədin kim  olacağı sualını meydana çıxarmaq üçündür.

Nardaranda əməliyyat keçirilən ilk gündən sosial şəbəkələrdə və hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında etirazçıların şəriət dövləti yaratmaq cəhdləri ilə bağlı “qara piar” aparıldı. Aydın məsələ idi ki, iqtidar sərt addımlara hazırlaşır və odur ki, cəmiyyəti parçalamaq, amansız addımlarını “bir qrup şəriətçi”yə qarşı mübbarizə kimi qələmə vermək istəyir.

Son günlər daha  bir tendensiyanın şahidi oluruq. Naradaran hadisələri ilə müxalifətin bağlılığı barədə versiyalar irəli sürülür və bununla da müxalifətin barışmaz hissəsinin həbsi məsələsinə ictimai rəydə hazırlıq gedir. Lakin burada da iqtidar ideoloqları uduzurlar. Müxaliifət ilk gündən silahlı mübarizənin yolverilməzliyini vurğulamaqla hakimiyyətin əlindən bu arqumenti də almış oldu.

Hiss olunan budur ki, ölkədə daha ağır proseslər baş verə bilər. “MTN işi” də sübuta yetirdi ki, ölkənin təhlükəsizliyi sual altındadır. Belə olan təqdirdə hansısa qüvvələrin ölkədə terror həyata keçirməsi də istisna edilmir. Bu isə ölkənin Yaxın Şərqə çevrilməsinin xəbərçisi ola bilər.

Proseslərin təhlili onu deməyə əsas verir ki, hakimiyyət paytaxtı möhkəmləndirir və güc qurumları “X anına” hazır vəziyyətə gətirilir.

Bu gün ölkədə baş verənlər gələcək kataklizmlərdən xəbər verir. Bunun qarşısını almaq istiqamətində Avropa ölkələri və ABŞ –ın mövqeyi önəmli ola bilər. Azərbaycanın regionda strateji rolu Qərb dövlətləri üçün insan haqlarını arxa plana keçirsə, vəziyyət daha da qəlizləşə bilər. Xatırladaq ki, Əndican hadisələri 2005-ci ildə cərəyan edib. Üstündən 10 il keçir. İslam Kərimov isə hələ də prezidentdir…

Ana səhifəXəbərlərNardaran olayları: Hakimiyyətin yeni planlarına hazırlıq anonsu