Təqsirləndirilən Abbas Hüseynov məhkəməyə nazir Ramil Usubovun gətirilməsini tələb edib
“Bandotdel”də işgəncə verəndə, deyirdilər rəhbərliyin xəbəri var. Bunlar İlham Əliyevin göstərişi ilə olub”- bu sözləri 18 avqustda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan “Nardaran işi” üzrə prosesdə təqsirləndirilən Abbas Hüseynov deyib.
O, vəsatətlə çıxış edərək daxili işlər naziri Ramil Usubovun məhkəməyə gətirilməsini istəyib.
“Ramil Usubov gəlib ifadə versin, görək o silahlar kimin idi bizə təhkim etmişdilər”.
Hakim bildirib ki, vəkillərin çoxu məhkəmədə iştirak etmədiyindən vəsatəti müzakirə etmək mümkün deyil. Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov şahid və zərərçəkmiş kimi ifadə verib. Bildirib ki, hadisə günü idarədə Kərim Əlimərdanovun rəhbərliyi ilə iclas keçirilib və orada əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə vaxtı saxlanılan şəxslərə qarşı təzyiq olmadığını, Taleh Bağırzadəni özünün tutduğunu, onun müqavimət göstərmədiyini deyib.
E. Bayramov hər hansı zərər çəkmədiyini də bildirib. Prokurorların suallarını cavablandıran E. Bayramov orada olan şəxslərə ədavəti olmadığını, heç kimə təzyiq göstərilmədiyini deyib: “Biz onların pusduqda durduqlarını bilmirdik. Taleh Bağırzadə ilə sonradan söhbət etmişəm. O dedi ki, Maştağadan bir nəfər onlara deyib ki, qara maskalılar gəlib Nardaranda əməliyyat keçirəcəklər. Taleh də çıxışında deyib ki, polislər gələcək qorxmayın, biz hüseynçilərik. Taleh özü deyirdi ki, siğınacağı Nardarandır, çünki ora polislər girmir. Talehi sonradan çağırıb maliyyə dəstəyinin, silahların haradan olmasını soruşmuşam”.
Daha sonra vəkillərin suallarını cavablandıran E.Bayramov hər hansı zərər çəkmədiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını deyib.
Vəkil Yalçın İmanov ondan soruşub ki, o, iş üzrə şahid və zərərçəkmiş ola-ola hansı formada təqsirləndirilən şəxslərin dindirilməsində iştirak edib. E.Bayramov bildirib ki, bəzi suallara cavab almaq üçün müstəntiqin yanında oturub dindirməyə qulaq asıb.
Taleh Bağırzadə da həmin şəxs tərəfindən təzyiqə məruz qalmadığını deyib. Bildirib ki, hakimiyyəti çıxışlarında tənqid edib: “Demişəm ki, sizi qanımızla boğarıq. Bu, mənim çıxışlarımda var. Yəni nə qədər öldürsəniz də, təslim olmayacağıq. Hakimiyyəti Yezid, zülümkar adlandırmışam. Öz hüququmdan istifadə edib tənqid etmişəm. Deyirsiniz, Taleh Nardaranda gizlənmişdi. Mən gizlənsəydim, hər gün məsciddə çıxış etməzdim”.
Məhkəmədə çıxış edən təqsirləndirilən Rasim Cəbrayılov və Abbas Quliyev isə Elman Bayramovun onlara işgəncə verdiyini deyib. R. Cəbrayılov onu ailəsi ilə şantaj etdiyini də qeyd edib. lakin E. Bayramov deyilənləri təkzib edib.
Vəkillərin suallarına cavab olaraq E. Bayramov zərərçəkmiş şəxs qismində istintaqa ifadə verməsini xatırlamadığını da deyib.
Taleh Bağırzadə ondan yaralılardan Sarvan adlı şəxsi niyə xəstəxanaya aparmadıqlarını soruşub: “Siz deyirsiniz ki, Sarvan öləndə görmüsünüz. Niyə demədiniz onu xəstəxanaya aparsınlar?” E. Bayramov cavab olaraq bildirib ki, ona təcili tibbi yardımın çağırıldığını deyiblər. O da buna görə nəsə deməyib.
Daha sonra prosesdə zərərçəkmiş və şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili İslam Ağabəyov ifadə verib. O da oxşar ifadələr verərək bildirib ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılıb: “Biz də həmin evə getdik. Mən əvvəllər də Nardaranda işlədiyimdən onların xasiyyətini, adətlərini bilirəm. Ona görə dedim, qoyun namazın qurtarma vaxtın gözləyək. İçəri daxil olanda qrup rəhbəri Kərim Əlimərdanov polis olduğumuzu dedi və təslim olmaları barədə xəbərdarlıq etdi. Lakin onlar qumbara atdılar və atəş açdılar. İki polis əməkdaşı həlak oldu. Biz də silahdan istifadə etdik. Hamı zərərsizləşdiriləndən sonra hal şahidləri ilə evə baxış keçirildi. Onların üzərlərində və evdə olan silahlar qablaşdırıldı. Biz sonradan bildik ki, onlarda bizim gəlişimizlə bağlı məlumat olub. Orada içəri girəndə üzümdəki maskanı çıxartdım ki, bəlkə kimsə məni tanıyar atəş açmaz. Biz ora avtobus tipli maşınla getmişdik. Mənim saxladığım Rasim Bünyadovu əvvəllər də tanıyırdım. Onu tutanda müqavimət göstərmədi. Dedim: “Hacı, sən də bu dövlətə qarşı çıxırsan?” Üzərindən qumbara tapıldı. Onda xəsarət izləri var idi. Soruşanda dedi, atışma olanda özünü yerə atıb, xəsarət alıb. Orada saxlanılan şəxslərə təzyiq göstərilməyib. Mənə qarşı da onlar təzyiq etməyiblər. Idarədə kiməsə işgəncə verilməsindən məlumatım yoxdur. Həyətdə gilizlər, Molotov şüşəli var idi. Baxış keçirib onları da götürdük”.
Vəkil Yalçın İmanov bildirib ki, baxış keçirilən zaman təqsirləndirilən şəxslər orda olmayıblar. Lakin onlara protokola imza elətdiriblər. O, şahiddən bunun səbəbini soruşub. İ. Ağabəyov bildirib ki, o protokol yazmayıb, heç kimə də imza elətdirməyib: “Biz oradan beş dəqiqə gec çıxsaydıq, qan su yerinə axardı. Bilirsiniz ki, illərdir Nardaranla bağlı problemlər var. Orada hər gün salam verdiyim adam camaat yığışanda səni tanımaya bilər. Mən heç bir xəsarət almamışam və zərər çəkməmişəm”.
Fuad Qəhrəmanlı isə şahiddən soruşub ki, onları nə vadar edir ki, imam ehsanı verilən evə basqın edirdilər? İ. Ağabəyov bildirb ki, o evdə ehsan verilməsindən xəbərləri olmayıb: “Bizə onlarda silah olması barədə məlumatlar gəlirdi. Yığdılar, dedilər, gedirik tədbirə”.
Məhkəmə prosesi avqustun 24-də davam edəcək.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.