”Nardaran işi”: Mən Mixaylo deyiləm, Mikayılovam

“Azərbaycanda bəraət Nobel mükafatı almaq kimidir”

Foto: Meydan TV
Nardaran İşi
Nardaran İşi


“Azərbaycanda bəraət Nobel mükafatı almaq kimidir”

“Biz ədalətin tərəfdarıyıq, ədavətin yox”, – Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Züfüqar Mikayılovun sözləridir.

Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilmiş ilahiyyatçı Züfüqar Mikayılov və digər 11 nəfərin məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən bir neçə nəfər son sözlə çıxış edib.

“Hamımız günahsızıq. Bizim günahkar olmamızla bağlı məhkəmədə heç bir sübut təqdim edilmədi. Bu işdə çoxmərtəbəli yanlışlıqlar var. Bizə silah-sursatla bağlı ittiham veriblər. Amma biz həmin silahları evlərimizə polislərin qoyduğunu sübut etdik”, – deyə Züfüqar Mikayılov bildirib.

Las Veqasda bir nəfər 58 adamı öldürdü, ona “terrorçu” demədilər

O, barələrində verilən mütəşəkkil dəstə ittihamının da sübuta yetirilmədiyini söyləyib:

“Mütəşəkkil dəstə üçün azı, bu adamlar arasında əlaqə, telefon danışıqları olmalıdır. Biz məhkəmə getdiyi on ay ərzində bu məsələlərin araşdırılmasını tələb etdik, baxan olmadı. Daha bir yalan terror ittihamıdır. Niyə dindarlara belə ittiham verilib? Las Veqasda bir nəfər 58 adamı öldürdü, heç ona “terrorçu” demədilər. Növbəti yalan dövlət çevrilişi haqda yazılanlardır. Bunun üçün maliyyə mənbəyi, canlı qüvvə, texnika, silah, siyasi ambisiya, məqsədlər olmalıdır. Bunların hansı var? Bu işdə çoxmərtəbəli yalanlardan başqa heç nə yoxdur. Burada ittiham olunanlar ambisiya sözünün mənasını bilmirlər, ancaq kimlərsə hakimiyyətdəkilərə “bu adamların siyasi ambisiyası var”, – deyirlər. Mən Mixaylo deyiləm, Mikayılovam. Bizim terror təşkilatımız yoxdur. Bu iş Avropa Məhkəməsinə gedəcək. Orada bu məsələlərə görə nə cavab verəcəklər? Bütün bu hadisələr polisə, prokurorluğa, məhkəməyə qarşı inamsızlıq yaradır”.

Bizə İmam Hüseyn peyvəndi vurulub, bizdə vəhhabilik yoxdur

Z. Mikayılov deyib ki, dövlətlə din arasında münasibəti pozmaq xəyanətdir:

“Niyə adamların Aşuraya getməsinə mane olmağa çalışırlar? Mən həbsdə Azərbaycan tarixini iki dəfə yenidən oxudum. Dövlətin yaranmasında İslam dininin də rolu var. Aşurada və Novruz bayramında xalq öz birliyini sübut edir. Bununla mübarizə aparmaq olar? Bizə İmam Hüseyn peyvəndi vurulub, bizdə vəhhabilik yoxdur. O qədər işgəncə verdilər, amma əqidəni dəyişmədilər. Neçəsi qəhrəman kimi tanındılar. Azərbaycanda bəraət almaq Nobel mükafatı almaq kimidir”.

Lapşini buraxdılar, bizə zülm edirlər”

Təqsirləndirilən şəxslərdən Mübariz Quliyev də son sözlə çıxış edib. Bildirib ki, istintaq və məhkəmə heç nə sübut edə bilməyib:

“Müstəntiq dedi ki, mən bilirəm, siz niyə həbs olunmusunuz. Əvvəl bir maddə verdilər, sonra həmin maddə yoxa çıxdı. Əvəzində on maddə ortaya atdılar. Hər yerdə kameralar var. Hansısa cinayət törətmişiksə, sübut qoysunlar ortaya. Biz heç vaxt dövlətimizə, xalqımıza xəyanət etməmişik. Əksinə, Milli Qəhrəman Mübariz İbrahimovun dəfni və başqa tədbirlərdə iştirak etmişik. Mən həbs olunandan qohumlarımı, övladlarımı görməmişəm. İstəyirsiniz, bizi öldürün, ömürlük həbs cəzası verin, amma bu yoldan dönmərik. Lapşini buraxdılar, bizə zülm edirlər”.

Heç vaxt terror fikrimiz olmayıb, yoxdur

Təqsirləndirilən Cabir Əliyev də günahsız yerə həbsdə olduqlarını söyləyib. Dəhşətli işgəncələr gördüyünü deyib:

“Bizə işgəncə verdilər. İrəli sürdükləri ittihamların heç biri sübut olunmadı. Heç vaxt terror fikrimiz olmayıb, yoxdur, ola da bilməz. Biz hətta siqaret çəkənləri də bu yoldan çəkindirirdik. İttihamda yazılanlar yalandır. Məni işdən aparıb həbs etdilər. Dəhşətli işgəncələr verdilər. Ədalət gözləyirəm”.

Proses noyabrın 6-da davam edəcək.

2015-ci il noyabrın 26-da polis Nardaranda əməliyyat keçirib. Həmin əməliyyatda ilahiyyatçı Taleh Bağırzadə və tərəfdarları saxlanılıb. Əməliyyat zamanı 2 polis və 4 kənd sakini ölüb. Saxlanılan şəxslər bir neçə ağır cinayətlərdə ittiham edilsələr də özlərini təqsirli bilmirlər və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Mən Mixaylo deyiləm, Mikayılovam