Təqsirləndirilən şəxslər son sözlə çıxış etdi
“Həbsxanalar dustaqla doludur. Hər əlli məhbusdan qırxı gəncdir. Onların da əksəriyyəti narkotik ittihamı ilə tutulub. Cəmiyyəti bu vəziyyətə salıblar”.
Bu sözləri dekabrın 26-da son sözlə çıxış edən Vüsal Alış deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.
Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərfən bir neçəsi son sözlə çıxış edib.
Vüsal Alış çıxışında deyib ki, cəmiyyətin təmizlənməsini istəyiblər, ona görə onları şərləyiblər. O, ittihamın saxta olduğunu deyib.
Təqsirləndirilən şəxslərdən Fərhad Muradov da son sözündə deyib ki, ittihamlar saxtadır və onlar cinayətkar deyil:
“Biz Azərbaycan vətəndaşıyıq, bu ölkədə rahat yaşamaq hüququmuz var, amma imkan vermirlər. “Bandotdel”də adamları döyə-döyə, toka verə-verə, ləyaqətini alçalda-alçalda ifadələrə imza atdırmaq hansı qanunda var? Biz yox, bizim başımıza açılan bu oyunlarda iştirakı olan və buna göstəriş verən hər kəs günahkardır. Belə çıxır ki, xalq üçün yaşayanlar, millətin haqqını tələb edənlər həbs edilməlidir, xalqın malını talayanlar isə istədikləri kimi yaşamalıdır. Bunlar hesab edir ki, adamlar əzilə-əzilə yaşamalıdır, haqqını tələb etməməlidir. Niyə? Biz xalqa qarşı bu cür münasibəti tənqid etmişik. Tənqid nə vaxtdan cinayət olub ki, tutub bizi bura salıblar? Məhkəmədə dindirilən şahid polislər yalan ifadələr verdilər, onlar özləri evlərə silah-sursat atıb, sonra da tapılmış kimi protokollaşdırıblar. Mən niyə tutulduğumu hələ də bilmirəm”.
İclasda təqsirləndirilən İsa İbrahimov da çıxış edib. Deyib ki, ittihamlar əsassızdır:
“Bizə saxta ittihamları verənləri lənətləyirəm. Çünki heç vaxt din adı altında təxribatla məşğul olmamışıq. Ömrümdə bir dəfə bəddua eləmişəm, nəticəsi çox ağır olub. Əgər hökm oxunan gün zaldakı ana-bacılarımızın gözündə bir damcı yaş görsəm, 40 gün elə bəddua eləyəcəm ki, Allah bizə şər atanları tezliklə məhvi-nabud eləsin”.
Proses növbəti gün digər təqsirləndirilən şəxslərin son sözləri ilə davam edəcək.
Prokuror Elçin Qasimovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib
.
Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Digərləri Cinayət Məcəlləsinin terrorçuluq, kütləvi iğtişaş, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə günahlandırırlar.
Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.