”Nardaran işi”: Fərayılı maşında döyüb öldürdülər

“”Bandotdel”də elə bilirdim Ermənistana gəlmişik”

Source:

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.


“Erməni əsrliyi ilə həbsin fərqi yoxdu”

Meydan TV-nin məlumatına görə, iclasda çıxış edən Abbas Hüseynov deyib ki, Azərbaycanda həbs olunmaqla erməni əsirliyində olmağın heç bir fərqi yoxdur:”Onlar  deyirlər ki, bizdə avtomat olub. Bəs bizim qardaşlarımızı avtomatla kim güllələyib? Məni elə döymüşdülər ki, səsim çıxmırdı. İbrahim Kazımov kimliyini məhkəmədə göstərdi. Onların ifadələrində ziddiyyət var. Məni hələ də “kars”da saxlayırlar. Səbəbini də bilmirəm. Mehriban Əliyevaya qarşı olan təhqirləri araşdırmaq yerinə bizi cəzalandırırlar. “Kars”da olduğum müddətdə yağış yağırdı. Üç nəfəri soyundurub döydüklərinin şahidi oldum. Bizim həbsimiz haqsız rejimə etiraza görədir”.


“İçəriyə güllə ata-ata girdilər”

Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Nardaran sakini Rasim Bünyadov ifadə verib. O deyib ki, çörək alıb evə gələn zaman əmisi oğlu Əbülfəz Bünyadovun evinin qarşısında iki mebel maşının dayandığını, maskalı şəxslərin düşərək həyətə girdiyini görüb: “Onlar nəsə atdılar partladı və tüstü yayıldı. İçəriyə güllə ata-ata girdilər. Sonra bizim hamımızı tutub maşına apardılar. Əmim oğlu Fərayılı maşında döyüb öldürdülər. Onun qanı bütün maşına yayılmışdı. Abbası o qədər döymüşdülər ki, halı yox idi. Pambığı suda isladıb dodağına sürtürdülər. Birinci dəfə görürəm ki, namaz üstündə olan insana hücum edirlər. Bu 1400 il əvvəl olmuşdu, bir də həmin gün oldu. İstintaq zamanı də təzyiq edib ifadəmi aldılar”.

Vəkil Yalçın İmanov ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalıb-qalmamasını soruşub. O, “”Bandotdel”ə gedənin üzünə gülürlər? Əlbəttə işgəncə veriblər. Elə bilirdim Ermənistana gəlmişik” cavabını verib. Şahid istintaq zamanı verdiyi ifadəsindən imtina edib. Bildirib ki, Nardaranda tutulub maşınla idarəyə aparılan zaman polislər Taleh Bağırzadənin belini sındırmaq istəyiblər: “Sonra dedilər ki, bu, bizə lazımdır, keçdilər Abbası döyməyə”.

Təqsirləndirlən Cabbar Cabbarov ondan BMCMİ-də prezidenti və Mehriban Əliyevanı polis əməkdaşlarının söymələrinin şahidi olub-olmamasını soruşub. O, belə hadisənin şahidi olduğunu deyib.

C.Cabbarov isə məhkəməyə müraciət edərək deyib ki, dəfələrlə bu məsələ deyilib, lakin hakimlər bunun üzərindən keçirlər: “Dəfələrlə demişik ki, İlham və Mehriban Əliyevanı söyüblər, maraqlanmamısınız. Oldu deyib, üstündən keçirsiniz. Sizə maraqlı deyil? Çünki siz də onlarla eyni fikirdəsiniz”.

Hakim deyib ki, təqsirləndirilən şəxs ona sual verə bilməz.


“Yumruqla vurub dişimi qırdılar”

Daha sonra iclasda digər şahid, hazırda həbsdə olan Ürfan Nəbizadə ifadə verib. O deyib ki, polislər ona işgəncə veriblər: ”Beş ay olardı xəstəxanadan çıxmışdım. Bir də gördüm evə basqın etdilər. Biri dedi ki, bu şikəstdir, döyməyək. Lakin yumruqla vurub dişimi qırdılar. Mənə dedilər ki, bax dediyimizi danışmasan, sənin o qatlanmayan qıçını biz qatlayarıq. Mən də qorxumdan istədikləri ifadəni verdim. Çantada iki qumbara, 9 güllə qoydular qabağıma ki, bu, sənin evindən çıxıb. Evə girəndə də hər hansı sənəd göstərmədilər”.

Vəkil Yalçın İmanov isə hal şahidləri ilə bağlı vəsatət verib. O deyib ki, hal şahidlərinin polislərlə qeyri-rəsmi əməkdaşlıq etmələrindən əmindirlər və onların məhkumluqlarının olub-olmamasını araşdırmaq istəyirlər. Məhkəmə bu barədə olan vəsatəti təmin etməyib. Vəkil Yalçın İmanov digər vəsatətində qeyd edib ki, hadisə zamanı yaralanan Şamil Abduləliyev, Bəhruz Əsgərov, Əbülfəz Büyadov və Cahad Babakişizadə xəstəxanaya kənd sakinlərinin maşınlarında gediblər və bununla bağlı fotoşəkil var. Vəkil fotoşəkili məhkəməyə təqdim edib və onun cinayət işinə əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.


“Azərbaycana obyekt kimi baxırlar”

Daha sonra fasilə elan edilib. Fasilə zamanı çıxış edən Taleh Bağırzadə deyib ki, onlar hakimiyyətlə qarşı-qarşıya gəliblər: “Onlar bizi, biz onları qorxutmaq istəyirik. Onlar narahatdılar, çünki itirəcək çox şeyləri var. Azərbaycana bir obyekt kimi baxırlar. Elə bir gözəl güşə yoxdur ki, oranı hasara almasınlar. O zaman Müaviyə oğlu Yezidə vəsiyyət etdi ki, hakimiyyətə gələndə bir neçə nəfərlə işin olmasın. Onların arasında İmam Hüseyn də var idi. Çünki Müaviyə bilirdi ki, xilafət İmam Hüseynin haqqıdır və onun bu haqqını qəsb edib. Lakin Müaviyə ölən kimi Yezid dedi, gərək İmam Hüseyn mənə beyət etsin. İndi bunların ağıllarında qısaqapanma olub. İndi o hadisələr burada təkrar olunur. Heydər Əliyevin vaxtında belə şeylər yox idi. 2003-cü ildən sonra dindarlara, dinə basqılar, hicaba qadağalar artmağa başladı. Bunlar qorxaq olduqları üçün Nardarana o cür girdilər. Mən üç ay azadlıqda oldum, gördüm bunlar necə qorxurlar. Qorxaq insan sağlam düşünə bilmir. Haqq sözə dözümləri yoxdur. Tutsalar, da öldürsələr də, qorxurlar. Bizim mübarizəmiz insanları ruhlandırır. Ən ağır maddələri veriblər, ən ağır işgəncələri ediblər. Biz ömürlük həbsi bağrımıza basıb qəbul edəcəyik. Bizim mübarizəmiz eşq mübarizəsidir. Qandalı da, onu vuranı da sevirik. Əsgərlər də bizim millətimizdir. Mən görmüşəm müstəntiq necə əzab çəkirdi. Danışırdıq, deyirdim, halal edirəm sənə haqqımı. Heydər Əliyev deyirdi dövlət günahkar azadlıqda, günahsız həbsdə olanda sarsılır. Onun bu sözünə görə bu dövlət dağılmalıdır. Eldar Mahmudov çöldədir, günahsızlar içəridə. Ramil Usubov da Eldar Mahmudovun əkizi deyil? Hacı Məmmədov bunların içindən çıxmadı? Ermənistan müstəqilliyinin 25 ilini bayram edir, parad keçirir. Bunlar həmin günü bayram siyahısından çıxarıblar. Korrupsiya ölkədə ayaq tutub yeriyir. Neftin qiyməti düşən kimi bunların iç üzü açıldı. Bütün ölkəni yeyib dağıdıblar. Cahangir Hacıyevə 15 il cəza verməklə deyil. O, balaca fiqurdur. Eldar Mahmudov bu xəyanətləri edibsə, o birilər də edirlər. Biz xalq olaraq mübarizəmizi davam etdirməliyik. Azadlıq üçün zindanlara girməliyik. Nə qədər adam tutuacaqlar? Qoy hamı zindana girsin. Sən qanını ver, gör necə dəyərli olursan. Şəhidlik istəyənin bundan anlayışı olmalıdır. Mübarizə aparmaq lazımdır. Fədakarlıq etməsən olmur. Baxın demokratik ölkələrə. Hamısı inqilab edib, nə qədər insan canından keçib. Çünki azad yaşamaq istəyirlər. Artıq Daxili İşlər Nazirliyi başını itirib. Bunun qarşısında davam gətirmək lazımdır. Artıq inanmıram ki, bunlar bizim müstəqilliyimizi qoruyub saxlaya biləcəklər. Bu, İrandan, Türkiyədən, Rusiyadan, Ermənistandan qorxur, bir xalqdan qorxmur. Bütün dünyaya pul paylayır. Nardarana elə girirlər elə bil Qarabağa girirlər, Lələtəpəni alırlar. Bunları dəlixanaya göndərmək lazımdır. Çox qorxulu adamlardılar. Bunlarda din qorxusu var. Hakimiyyəti qorxu gücünə saxlayıblar. Əsas qorxu mənbələri də “Bandotdel”di. İnsanları onunla qorxudurlar”.


Vəsatət təmin olunmadı

Daha sonra proses davam edib. İclasda vəkil Fariz Namazlı çıxış edərək zərərçəkmiş şəxs kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statuslarına xitam verilməsini istəyib. Bildirib ki, onlar heç bir zərər çəkməyiblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsində işləmiş Cəsarət Məhərrəmov şahid kimi dindirilib. O, sualların çoxuna “bilmirəm” cavabını verib. Bu isə vəkillərin narazılığına səbəb olub. Hakim ondan sualları cavablandırmağı istəyib. O, deyib ki, noyabrın 5-də idarənin qarşısına gələndə konkret nəsə görməyib: “Mən gələndə polislər bir neçə nəfəri tutmuşdular, başqaları da çıxıb getmişdilər”. O, istintaq zamanı ifadə vermədiyini deyib. Hakim isə iş materiallarında ifadəsinin olduğunu bildirib.

İclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı olmuş Ağamir İbrahimov da 5 noyabrda baş verən hadisələr barədə ifadə verib. Bildirib ki, hadisə zamanı idarədə olub, şəxsi heyət az olduğundan ÇPA-dan kömək istəyiblər. Etiraza gələn şəxslərdən aktiv olanlar tutulub.

Taleh Bağırzadə isə deyib ki, A. İbrahimov “skoç Ədalət” adı ilə tanınan şəxsin kadrıdır: “2013-cü ildə Ədalət mənə çox işgəncə verib. Sabunçu rayon Polis İdarəsində kimlə danışdım məni başa düşdü, bir ondan başqa. Özü də Ermənsitanda doğulub. Axırda dedim yəqin bu doğum evində səhv düşüb”.

Sabunçu rayon Polis İdarəsində işləyən Yusif Qurbanov da iclasda ifadə verib. O, deyib ki, noyabrın 5-də Elçin Qasımov məsciddən çıxıb evə gedən zaman yolda qarşılaşıblar və Elçin Qasımov onun və hakimiyyətin əleyhinə söyüş söyüb. O da Elçin Qasımovu saxlayıb idarəyə aparıb.

Taleh Bağırzadə isə şahidin dediklərini təsdiq etməyib: “Siz Elçini uşaqlıqdan tanıyırsınız. Bilirsiniz ki, necə yaxşı insandır. Elçin Bakı Dövlət Universitetinin elmlər namizədidir. İstəsə, çıxıb mediada sözün deyə bilərdi. Sizə heç vaxt söyüş söyməzdi. 53 yaşınız var, gəlib belə ifadə verirsiniz. Bu rejim sizləri belə hala salıb. Bir ayağınız burdadı, bir ayağınız gorda. Sizin də adınız yazılacaq mediada, tarixdə qalacaq. Ailəniz , uşaqlarınız var. Elçinə idarədə işgəncə verilib”.

Şahid isə E. Qasımova Sabunçu rayon Polis İdarəsində işgəncə verilmədiyini deyib.

Proses oktyabrın 21-də davam edəcək.

Ana səhifəXəbərlər”Nardaran işi”: Fərayılı maşında döyüb öldürdülər