“Ərazidəki 1, 7, 8, 15 saylı lisey,16, 23, 44, 46, 133, 160, 190 məktəblərdə və Anadolu liseyi, Elitar Gimnaziyada səs verən “seçicilər” bildiriblər ki, bizə sinif rəhbərləri hər sinifdən ən azı 15 nəfərlə seçkiyə gəlmək və namizəd Ziyad Səmədzadəyə səs vermək tapşırığı veriblər
”
ReAL İdarə Heyətinin üzvü, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən Azər Qasımlı hesabat yayıb. Meydan tv-yə daxil olan hesabatda bildirilir ki, 1 noyabr seçkilərində total saxtalaşdırma səhər saatlarından qeydə alınıb: “2, 7, 8, 9, 14, 15, 16, 17, 18, 30, 31 saylı məntəqələrdə kütləvi karusel əməliyyatı keçirilib. Karusel 20-30 nəfərlik qruplarla həyata keçirilib. Səhər saat 8-dən etibarən Dəmir Yol İdarəsində – 14 və 15-ci məntəqələrdə dəmir yol işçilərindən ibarət 20-30 nəfərlik xüsusi qruplar səsverməyə gətiriliblər. Səhər saat 8-9 arası 17 saylı məntəqədə 150 nəfər, saat 12-yə qədər 18 saylı məntəqədə 471 nəfər, 2 və 9 saylı məntəqələrdədə 300 nəfər seçici, 15 saylı məntəqədə isə saat 12-ə qədər 321 nəfər səs verib. Hətta 133 saylı məktəbdə – 16 və 17 saylı məntəqələrdə karusel əməliyyatına etiraz edən məşvərətçi səs hüquqlu nümayəndəmiz Azər Səmədov və vəkil Toğrul İsmayıl iradlarını bildirərkən məntəqə komissiyasının sədrləri Sədaqət Həsənova və İlqar Tağıyevin əssasız ittihamları və deputat Ziyad Səmədzadənin vəkillərinin çağırışları ilə məntəqəyə polis gətirilib. Polis nümayəndələrimizi məntəqədən uzaqlaşdırmağa çalışıb. Ancaq hüquqlarını bilən nümayəndələr özlərini müdafiə edərək məntəqədən çıxmayıblar”.
Hesabatda bildirilir ki, 15.20-də 8 saylı məntəqəyə 7 saylı məntəqə komissiyasının üzvü Aytən Vəzirova seçki qutusuna toplu bülletenlər atıb. Bu işdə 8 saylı məntəqə komissiyasının sədri Elida Rzayeva ona kömək edib. Deputat Ziyad Səmədzadənin cangüdənlərinin 23 saylı Nəsimi-Səbail Dairəsinə aid məntəqələrdə sərbəst dolaşaraq komissiya sədrlərinə göstərişlər verdiyi müşahidə olunur. Seçkidən bir neçə gün əvvəl dairədəki bütün məktəb direktorları sinif rəhbərlərinə tapşırıq verərək onların qarşısında plan qoyulub. Ərazidəki 1, 7, 8, 15 saylı lisey,16, 23, 44, 46, 133, 160, 190 məktəblərdə və Anadolu liseyi, Elitar Gimnaziyada səs verən “seçicilər” bildiriblər ki, bizə sinif rəhbərləri hər sinifdən ən azı 15 nəfərlə seçkiyə gəlmək və namizəd Ziyad Səmədzadəyə səs vermək tapşırığı veriblər. Bildirilir ki, hətta bu dairədə qeydiyyatı olmayan valideynlərin belə seçkidən bir neçə gün əvvəl siyahısı məktəb direktorlarına göndərilib. 1, 2, 3, 4, 5, 30, 31 saylı məntəqələrdə qanun ciddi şəkildə pozularaq nəinki polis əməkdaşları içəridə gəzirlər, hətta deputat Ziyad Səmədzadənin müşahidəçilərinin xüsusi göstərişlərini həyata keçirirlər. 30 saylı məntəqə komissiyasının üzvü Hüseynova Çiçək saat 16.20-də qutuya topa bülletenlər atıb. 30 və 31 saylı məntəqələrdə axşam saatlarından etibarən qutulara topa bülletenlərin atılması barədə məlumatlar daxil olmaqdadır”.
Sadalananlara baxmayaraq, Azər Qasımlının seçki qərargahının məntəqələrdən operativ aldığı məlumatlarla Mərkəzi Seçki Komissiyasının elan etdiyi məlumatlar uzlaşmır. “Belə ki, saat 15.00 olan məlumata görə dairə üzrə 31 məntəqədə 10905 nəfərin səs verdiyi bildirilir. Lakin MSK-nın yaydığı məlumatda bu rəqəm 15515 göstərilir. Total saxtakarlıqlara belə baxmayaraq MSK seçki aktivliyini 42 faiz şişirtməklə göstərib”,-hesabatda bildirilib.