KXCP sədri nəzərdə tutulan görüşə müxalifətlə iqtidar arasında dialoq başlanması kimi yanaşmanın səvh olduğunu deyib
Bu həftənin sonuna kimi 8 müxalifət partiyası təmsilçilərinin iqtidar nümayəndələrilə görüşü nəzərdə tutulur. Bu haqda “Turan İA”-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmhamud Mirəlioğlu bildirib.
Onun sözlərinə görə, görüşdə siyasi məhbuslar məsələsinin müzakirəsi və müxalifətlə geniş və əhatəli dialoq başlanması təklifinin səsləndirilməsi nəzərdə tutulur. M.Mirəlioğlu qeyd edib ki, görüş dekabrın 3-4-də keçirilməli idi, bu və ya digər səbəb üzündən bu həftənin sonuna təyin edilib. O, həftə sonu iqtidar nümayəndələrilə nəzərdə tutulan görüşə müxalifətlə iqtidar arasında dialoq başlanması kimi yanaşmanın səvh olduğunu deyib.
M.Mirəlioğlu müxalifət və iqtidar təmsilçiləri arasında görüşün keçirilməsi üçün müxalifət partiyalarının hələ bir ay öncə hakimiyyətə müraciət etdiyini nəzərə çatdırıb.
Görüşdə Klassik Xalq Cəbhəsi, Demokrat, Ümid, Azadlıq, Aydınlar, Liberal Demokrat, Böyük Azərbaycan və Vətəndaş və İnkişaf partiyaları təmsilçilərinin iştirakı gözlənilir.