Müxalif partiya nümayəndələri AŞPA həmməruzəçiləri ilə görüşüb

”Hakimiyyətin Novruz bayramında siyasi məhbusları azad etmək şansı var”

Source:


”Hakimiyyətin Novruz bayramında siyasi məhbusları azad etmək şansı var”

Siyasi məhbus problemi, sonuncu referendum, Qarabağ nizamlanması və seçki qanunvericiliyinin vəziyyəti müzakirə olunub.

“Turan” yazır ki, AŞPA həmməruzəçiləri Stefan Şennak və Sesar Florin Preda yanvarın 13-də Müsavat Partiyasının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli ilə görüşüb.

Arif Hacılı

Görüşdə Arif Hacılı ölkədəki insan hüquqları durumunun mənfiyə doğru inkişaf etdiyini söyləyib:

“Vətəndaş cəmiyyəti, media və siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik pisləşib. Hər yeni seçki əvvəlkindən daha pis keçir, siyasi məhbusların sayı artır”.

Həmməruzəçilər müxalifətçilərin qaldırdığı məsələlərin diqqət mərkəzində saxlanacağını, problemin həlli üçün bütün tərəflərlə dialoqun dəstəklənəcəyini deyiblər.

A.Hacılı Avropa Şurasında avtoritar rejimli müxtəlif dövlətlərin təmsil olunduğunu, bu ölkələrin son illər lobbi qruplarından istifadə edərək onlara qarşı tənqidi qərarların qəbulunun əleyhinə çıxdıqlarını söyləyib. O, buna missal kimi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqda hesabatının uğursuz olduğunu göstərib:

“İndi də İtaliyanın keçmiş millət vəkili Luka Volonteyə qarşı istintaqdan sonra Ştrasserin hesabatına qarşı çıxmaq üçün bəzi deputatların ələ alınması faktları ortaya çıxıb. Hesab edirəm ki, Avropa Şurası və onun bütün strukturları öz prinsip və dəyərlərinin müdafiəsində daha ardıcıl olmalıdırlar”.

Natiq Cəfərli

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, məruzəçilər “Azərbaycandakı problemlər haqda məlumatlı olduqlarını” nümayiş etdiriblər:

“Hətta bloqqer Mehman Hüseynovun qaçırılması və işgəncə verilməsi ilə bağlı son olaydan da xəbərdar idilər. Mən belə başa düşdüm ki, yaxın vaxtlarda onların əsas vəzifəsi REAL Hərəkatının lideri İlqar Məmmədov da daxil olmaqla, bütün siyasi məhbusların azad edilməsinə nail olmaqdır”.

“Həmməruzəçilərin söylədiklərindən, həmçinin AŞ baş katibinin konkret İlqar Məmmədovun işi üzrə xüsusi missiya göndərməsindən belə çıxır ki, Strasburq “kürü diplomatiyası” nəticəsində təşkilatın pozulmuş imicinin bərpasına çalışır”, – N.Cəfərli vurğulayıb.

“Belə təəssürat yaranır ki, Avropa Şurasında və AŞPA-da “rebrendinq” – təşkilatın imicinin bərpası prosesi başlayıb. İtaliyalı deputat Luka Volontenin rüşvət alması məsələsi ilə bağlı hadisə AŞ-nin imicinə ciddi ziyan vurub”, – N.Cəfərli bildirib.

Onun sözlərinə görə, həmməruzəçilər bildiriblər ki, yaxın vaxtlarda Azərbaycana yenə gələcəklər. Çox güman ki, onlar AŞPA-nın aprel sessiyasına hesabat hazırlayacaqlar.

N.Cəfərlinin fikrincə, hesabatın qəbuluna qədər, martda – Novruz bayramı ərəfəsində siyasi məhbusları azad etmək üçün hakimiyyətin şansı var.

Ana səhifəXəbərlərMüxalif partiya nümayəndələri AŞPA həmməruzəçiləri ilə görüşüb