Müvəqqəti məskənlərdə yaxalayan ölüm

Saxta beşilliklərin təbii qurbanları…

Source:

Hər şeyin qıtlaşdığı ölkədə mövzudan bol heç nə olmasa da, bu tribunadan on beş il əvvəlki təəssüratımı paylaşmaq istədim. Bizi bitirə-bitirə davam edən həyat üçün bu müddət təqvim yarpaqlarından başqa bir şey deyil. Mənim yaddaşımda isə həmin müddət üç parlament beşilliyinə bölünüb.  Bir hissəsinin sadəlövh iştirakçısı olduğum saxta beşilliklərə…

Bu gün, bu yazıda həmin qanuni saxta oyunları xatırlamaq niyyətində deyiləm. Sadəcə ürəyimdə özünə həmişəlik yer eləmiş əziz xatirələr həmin dövrə düşür.  Yəni, iki ardıcıl parlament seçkilərindən yaddaşımda qalan tək gerçəklər, əsil insan hekayətləri…

…Mən adamı bütün hallarda qəfil yaxalayan ölüm adlı bəlanı yaxşı tanıyıram. Bu, öz əsirinə adamın gözünün qarşısında işgəncə verərək sənin çarəsizliyindən həzz alan, həyatını cəhənnəmə döndərən kabusdur. Mən həmin kabusla düz üç ay nəfəs-nəfəsə, həm də anamı əlimdən almasın deyə onun ayaqlarına düşərək “yaşamışam”.

Çiskinli bir payız günü həmin kabus dostum Feruzun qaçqınlıqdan bəri neçə dəfə  dəyişmiş qapısını kəsdirmişdi…

2005-ci ilin parlament seçkilərində “demokratiyanın qələbəsi” üçün əslində dəxli olmayan adamlar – keçmiş hərəkatçı olan bizlər təmənnasız çalışırdıq. O cümlədən özfəaliyyətimizin vacib qismi olaraq Qəbələdən müxalifətin namizədi professor Хalid Əlimirzəyevlə rayondakı evində  görüşüb, onunla mətbuat üçün geniş söhbət apardıq.

Təbliğat müddəti bitirdi deyə, əlimizdə cəmi iki günümüz vardı. Di gəl ki, axşam söhbəti yazmağa başlayanda işıqlar söndü, üstəlik qaranlıqda ayağımı eynəyimin üstünə basdım. Amma “yenilməz demokrat” olaraq bütün maniələrdən keçib  nöyüt lampasıyla səhərə qədər eynəksiz bir topa kağızda müsahibənin eskizini düzəltdim. Еrtəsi axşam hazır disk Bakıya çapa göndərilməliydi.

İşin içində Feruz da vardı. Məskunlaşdıqları “Turistbaza”da işıqlar  şəhər xəttinə nisbətən az söndüyündən səhər gəlib məni “evlərinə” apardı. Onlara verilən otaqların arasındakı dar bir guşə Feruzun “redaksiyası” idi. İbtidai şəraitdə yazılmış bir qucaq kağızı onun kompüterində əritməyə başlamışdıq ki, evdə qəribə bir ab-hava olduğunu duydum.

Yan otaqdan gələn yavaş danışıqlar, xəfif ayaq səsləri elə bil məni silkələdi. Feruza baxdım: – “Nə baş verir?”

Yorğun, üzgün səslə pıçıldadı:

– Kişi… gedir.

Feruzun atası qaçqınlığını yataqda sürdürürdü. “Turistbaza” köşəsində çuxura düşmüş gözlərini tavana zilləyib sanki yuxarıdan açıqlama gözləyən ağsaqqalı bir-iki dəfə görmüşdüm. Məni eşitməyəcəyini bilə-bilə quru, kövrək  budağa dönən əllərini oxşayıb guya ürək-dirək vermişdim ona.

Bu ağır və ağrılı mənzərəyə dözə bilməyəcəyimi anlayıb qalxdım. Taxta arakəsmənin  o tərəfində can çəkişən ixtiyarın əvvəlki dəfələrdə yaddaşıma həkk olunmuş qüssəli baxışlarından, baş verməkdə olan ölümdən qaçmaq üçün… Feruzun anası Niyar xala yanımıza gələndə qəhərdən və belə bir vaxtda çox yersiz səbəbdən burada olduğuma görə xəcalətdən başqa söz tapa bilmədim. Sadəcə getməyə icazə istədim. Niyar xala ötkəm səslə etiraz etdi:

– Olmaz, siz qəzetinizi yazın. Sən də mənim balam deyilsənmi? İşinizi bitirin, sonra gəlib ağlayarsan qəriban dayına.

Özü də sonra ağlayacaqdı. Hələlik hər kəsi yola vermək, hər şeyə nəzarət etmək, yarım əsrlik ömür yoldaşına qərib yerdə urvatlı məclis düzəltmək ona düşürdü. Bu arada bizə də baş çəkməyi unutmayan Niyar xala çoxdan hamımız üçün əsil anaya çevrilmişdi. Ona əlavə qayğı  olmasın deyə yenidən davam etmək üçün çarəsizcə Feruzun yanında oturdum.

Biz davam etdiyimiz zaman iki addım o tayda  addım səsləri, təşviş, həyəcan çoxalırdı. Biz davam etdikcə Feruzun mənim tutqun diktəmlə klaviaturada hərəkət edən barmaqları elə bil ölüm marşı çalırdı. Biz davam etdikcə bunun biz olduğuna inanmırdım.

Qaş qaralanda çoxalmağa başlayan adamların arasından Feruz məni evimizə ötürdü. Təxminən bir saatdan sonra ora qayıdanda bayaq bizə yazı yazdıran “tələbkar” Niyar xalanın ta uzaqlardan gələn kövrək, yanğılı, nisgil dolu ağlaşı  adamın içini titrədirdi.

Və mən onda anladım ki, bizim müsahibəmiz də daxil, məktəbdə sinif nümayəndəsindən tutmuş ölkədə prezident seçkilərinə qədər bütün seçki hoqqaları  nisgilli, həsrətli anaların bircə naləsinə də dəyməz.

2010-cu ilin parlament seçkiləri ərəfəsində qaçqın əhalini qırmızı lent kəsərək şəhər kənarında tikilən beşmərtəbəli binalara köçürüb “Turistbaza”nı şumladılar. Feruzgilə təzə mənzilin mübarəkinə gedəcəyimiz bir vaxtda Niyar xalanın ağır xəstə olduğunu eşitdim. Özümü onlara yetirəndə tədbirli, qoçaq Niyar xaladan əsər-əlamət qalmasa da, əvvəlki sevgisi, mərhəməti, həsrəti avazımış simasında daha kövrək nura bələnmişdi. Bunun nə demək olduğunu artıq yaxşı bildiyimə görə o gün Niyar xalanı doyunca əzizlədim. Hələ qabarı getməmiş heysiz əllərini alnımda, saçlarımda hiss etdikcə boğazımdakı qəhəri birtəhər boğdum ki, mənim ağlamağımı da özünə dərd eləməsin.

Bir həftə sonra o böyük, cəfakeş ananın ölüm xəbərini aldıq. Niyar xala uzun-uzadı müvəqqəti məskunlaşmalardan o qədər yorulmuşdu ki, rəsmi ünvanlı yeni mənzildə yaşamağa gücü qalmadı…

Həmin o ötən parlament seçkilərində ondan ötən dəfəkilər kimi çoxillik ötən deputat mandat aldı, dedilər.

P.s. Və o günləri çayçıda eşitdim ki, deyəsən 2015-ci ilin parlament seçkiləri bu ilin payızına düşür…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəMüvəqqəti məskənlərdə yaxalayan ölüm