Müstəqil teatrlarımız…

Teatrlarımızda bu gün ictimai motivli tamaşa varmı?

Source:
Azdramada tamaşa
Azdramada tamaşa
Azdramada tamaşa
Azdramada tamaşa

Teatrlarımızda bu gün ictimai motivli tamaşa varmı? Və ya sualı belə qoyaq: Ümumiyyətlə, müstəqil şəkildə, istənilən mövzuda olan əsəri səhnələşdirə biləcək gücdə olan teatrımız varmı?

Son 2-3 il ərzində baxdığım tamaşalar məndə yalnız bədii təəssürat oyadır. Bu tamaşaların fəlsəfi-psixoloji yükündən başqa heç bir təriflənəsi, bəyəniləsi yanı yoxdur. Vizual olaraq da nəzər yetirəndə görürəm ki, hələ də sovet dövründə tamaşalara hansı yüngülvari quruluşu verirdilərsə, indi də eyni yolla gedirlər. İstifadə etdikləri ən maksimum effekt işıq effektləridir ki, bunlardan da göz yorulur. Əsərin səhnə quruluşunda heç bir fantaziya, təxəyyüldən söhbət belə gedə bilməz. Qısaca, quruluş məsələsinə heç yaxınlaşmıram. Məsələ, teatrların müstəqil repertuar seçimidir. Repertuarlarında olan tamaşaların ictimai yüküdür. Əslində heç bu yazıda dövlət teatrlarından da danışmayacağam. Çünki “Ölülər”; “Müfəttiş”; “Leyli və Məcnun” kimi tamaşaları “aktual” adı ilə teatra sırıyan rəhbərliklərdən danışmağa dəyməz. Özünəməxsus quruluş versələr yenə danışmağa söz tapılar. Amma ötüb üstündən keçmək bu dəqiqə üçün ən yaxşısıdır.

Bu illər ərzində ODA, ADO müstəqil teatrlarını yaranması, onların fəaliyyəti, işlədikləri mövzular isə kifayət qədər etiraz doğurub. Hətta teatr bir neçə dəfə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin onlar hələ də fəaliyyətlərini davam etdirməkdədirlər.

Bu yazıda yazacağım tamaşalar son iki ayda baxdığım və məni danışdırmağa sövq edən iki tamaşadır. Elvin Adıgözəl-in “Yasaq cəh-cəhlər” və ƏSA Teatrının “DUMB mərhələsinin əsasları”.

Dekabrda Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər” tamaşasını izlədim. Səhnə əsəri Yeşim Ağaoğlunun pyesi əsasında hazırlanmışdı. Rejissorun keçən il “Kontrabas” tamaşasını da izləmişdim. “Kontrabas”da olduğu kimi burada da kino elementləri ilə səhnə elementləri qarışdırılımışdı və ortaya müasir teatr nümunəsi çıxmışdı. Əsəri bir ailənin başına gələn hadisələrdən bəhs edən absurd komediya da adlandırmaq olar. Günlərin bir günü hansısa ölkədən qaçıb gəlmiş kişi – Qarğa (Oqtay Mehdiyev) sonradan ailənin bir üzvünə çevrilir. O, qorxur, cəsarəti yoxdur, öz qorxaqlığına bəhanələr tapır elə ətrafımızda olan on minlərlə insan kimi. Qadın (İlqarə Tosova) isə onu qəbul edir və evin bir üzvü kimi ona qayğı göstərir. Üçüncü tip isə qadının oğludur. Gənc oğlan (Ziya Ağa) inqilabçı hərəkata qoşularaq ictimai fəaliyyətlə məşğul olur. Tamaşanın sonunda isə gənc oğlan həbs edilir, daha sonra isə ailəsinə təhvil verilir. Qarğa isə buradan da qaçır. Video bölümündə isə Elşən Rüstəmov və Təhminə Dantsiq bir televiziya efirini imitasiya edirlər. Tamaşanın haqqında bir neçə dəfə yazıldığına görə sujet haqqında təmtəraqlı yazı yazmaq istəmədim. Bütün məsələ isə tamaşanın qurulmasında iştirak edən yaradıcı heyətin cəsarəti və düşüncəsidir. “Yasaq cəh-cəhlər” özündə senzura, insanların azadlığının məhdudlaşdırılması, kütlənin cəsarətsizliyi, medianın qeyri-müstəqilliyi kimi bir çox mövzuları barındırırdı. Tamaşa bir dəfə göstərildi, dramaturqun narazılığından sonra daha nümayiş olunmadı. Rejissorun dediyinə görə, o əsərin dəyişdirilməsindən narazı idi. Yeşim Ağaoğlunun isə nə dərəcədə səmimi olduğu mənim üçün hələ də sual altında qalır.

Digər bir tamaşa isə yeni baxdığım “DUMB mərhələsinin əsasları” tamaşasıdır. Müstəqil ƏSA Teatrı yeni yaranan teatrlardan biridir. Təsisçisi Nihad Qulamzadə olan teatrın bədii rəhbəri Murad Məmmədovdur. Əlilliyi olan şəxslərin yaradıcı fəaliyyətindən toplanmış teatr artıq bir dəfə “DUMB” tamaşasını nümayiş etdirmişdi. Mən isə tamaşanın ikinci nümayişini izlədim. Əsər Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev, Fərid Kazakov və Nihad Qulamzadənin mono çıxışlarından ibarət idi. Cəmiyyətdə psixoloji basqılarla üzləşmiş olan obrazlar səhnədə öz ağrılarını ifadə edirdilər. Düzünü desəm, psixoloji monoloqlar fonunda aktyorların fiziki məhdudiyyəti də itib batırdı. Bunu bir dramdan çox epik teatr nümunəsi saysaq, daha dəqiq olardı. Tamaşa bir neçə saat ərzində məni özünə nişanlamağı bacarmışdı. Təbii ki, klassik teatrla müqayisə olunanda bu tamaşanın zəif cəhətləri çox idi. Məsələn, səhnə danışığındakı ciddi problemlər, musiqi nizamının ara-sıra pozulması və ən əsası da danışılan hekayələrin dilinin sadə və həyəcansız olması mənə özümü tamaşada rahat hiss etməyim üçün maneə yaradırdı. Amma yeni yaranan teatr üçün bunlar keçilməli olan yollardır və inanıram ki, zamanla düzələcək. Qısası, bir tamaşaçı kimi bəyəndim və teatrdan irəlidə daha böyük əsərlər gözləyirəm.

Sonda demək istəyirəm ki, izlədiyim bu iki tamaşa məndə geniş fikirlər oyatdı. Belə tamaşaların olması, cəmiyyətdə yeni və müstəqil teatrların yaranması, azad incəsənətin yayılması üçün başqa sənətçilərə də stimul verir. Teatr dünyasında alternativ tamaşaların qoyulması, ictimai mövzulu əsərlərin istifadə edilməsi hər şeydən öncə bir vətəndaş kimi məni sevindirir. Bildiyimiz kimi, klassik teatrlarımızda olan mövcud tamaşalarda fəlsəfə, psixologiya, sentimental mövzulu əsərlərin qoyulması tamaşaçını yorur və düşüncələrini dumanlandırır. Ona görə də, bu tamaşalar fikrimcə, son bir neçə il ərzində teatral mühitdə fərqli aura yaratdı və funksiya daşıyan ictimai yüklü tamaşaların qurulması hər şeydən öncə azad sənətin uğurudur.

Ana səhifəMənim FikrimcəMüstəqil teatrlarımız…