Müstəqil jurnalistlər Şuşa-Xankəndi yolundakı aksiyaya buraxılmadı

Foto: “report.az”

Jurnalistlər deyir ki, onlar geri qaytarılmadan öncə kameraları əllərindən alınıb, çəkdikləri kadrlar silinib

Dekabrın 14-də Meydan TV-nin əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva və müstəqil jurnalist Teymur Kərimov Şuşa-Xankəndi yolundan reportaj hazırlamağa gedərkən mülki və qara maskalı şəxslər tərəfindən saxlanılıblar.

Xəyalə Ağayevanın sözlərinə görə, onlara hər hansı bir izah verilməyib, sadəcə, maşına mindirilərək geri – Bakıya qaytarılıblar.

Jurnalistlər deyir ki, onlar geri qaytarılmadan öncə kameraları əllərindən alınıb və çəkdikləri kadrlar silinib.

Teymur Kərimov, Aytac Tapdıq və Xəyalə Ağayeva.

Jurnalistlər Şuşa-Xankəndi yoluna niyə gediblər?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Hadisə Azərbaycan və Ermənistanın gündəmini zəbt edib. Aksiya nəticəsində Xankəndi ilə Ermənistanı birləşdirən yeganə Laçın yolu qapadılıb.

Erməni tərəf Azərbaycanı humanitar terrorda ittiham edir və beynəlxalq  aləmə çağırış edir.  Artıq ABŞ və Fransa bəyanat yayaraq humanitar dəhlizin qapadılmasını pisləyiblər.

Hadisə yerində müstəqil media nümayəndələri olmadığından gerçəkdə nə baş verdiyi cəmiyyətə tam aydın deyil.

Üstəlik, sosial mediada gedən paylaşımlardan aydın olur ki, aksiya sıraları genişlənir, müxtəlif könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri rahatlıqla əraziyə gedə bilir. Bu səbəbdən adıçəkilən müstəqil jurnalistlər də hadisə yerinə getmək istəyiblər.

Lakin göründüyü kimi, aksiya hökumət tərəfindən təşkil edildiyindən müstəqil, hakimiyyətin diktə edə bilmədiyi media nümayəndələrinə imkan yaradılmayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin “Facebook” paylaşımlarından birinə yazdığı şərhə görə, jurnalistlərin geri qaytarılmasına səbəb onların icazəsiz getmələridir.

Bu halda sual olunur: niyə bütün ölkə vətəndaşlarının gedə biləcəyi görüntüsü yaradılan aksiyaya müstəqil jurnalistlər buraxılmır? Təəssüf ki, hakimiyyət təmsilçiləri və aidiyyəti qurumlar ənənəvi olaraq bu suallara aydın cavab verməkdən çəkinirlər.

Bəs hüquq nə deyir?

Elə media hüququ üzrə ekspert Ələsgər Məmmədlini də narahat edən məqam budur.

O, Meydan TV-yə açıqlamasında deyir ki, Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində baş verən ictimai əhəmiyyətli məsələlərdə – yalnız hərbi və fövqəlada vəziyyət istisna olmaqla, hər kəsin məlumat əldə etmək azadlığı var.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU

Ona görə də ekspert düşünür ki, Konstitusiyanın 50-ci maddəsində nəzərdə tutulan hüquqların hansısa qaydalarla məhdudlaşdırılması legitim deyil və hüquq pozuntusudur.

Ekspert deyir ki, hakimiyyət təmsilçiləri əsasən də, 2021-ci ildə qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna istinad edirlər. Ona görə də həmin ərazilərə xüsusi icazə almaqla getmək mümkün olur. Çünki qanuna görə, şəhər qapalı məkan elan olunub, amma həmin qanun da Konstitusiyadan üstün hüquqa malik deyil… 

Ana səhifəSiyasətMüstəqil jurnalistlər Şuşa-Xankəndi yolundakı aksiyaya buraxılmadı