Musiqi ilə nəfəs alan əngəlli

Dedi ki, toy sahibləri narahat olur əlil arabasından…

Source:

Sonuncu dəfə reabilitasiya mərkəzində 42 yaşlı bir kişi ilə tanış olmuşdum. 6 yaşında hansısa xəstəlikdən sonra yerişində problemlər yaranmış və bir müddət sonra əlil arabasından istifadə etməyə başlamışdı. O fiziki məhdudiyyətinə və yaşına görə ordakılardan, əsas da gənclərdən daha enerjili, həyat dolu, pozitivliyi ilə ilə seçilirdi. Kiminləsə oturub söhbətləşirdisə, o tərəfdən gülüş səsləri gəlirdi. O şən və canayaxın kişinin çox yaxşı yumor hissi olduğunu ilk tanışlıqda anlamışdım.

Onun balaca musiqi “kalonka”sı vardı. Nə vaxt görürdün, o gələn tərəfdən musiqi səsi gəlirdi. “Kalonka”nı əlil arabasında gəzdirirdi. Bəzən yanımdan şütüyüb keçəndə mənə sanki musiqinin səsini yüksəkdən verən avtomobili xatırladırdı. Musiqi ilə nəfəs alan o adam özü də musiqiçidir. Yaşadığı Tovuz rayonunda toy məclislərində iştirak edir, orada cürbəcür mahnılar oxumaqla çörək pulu qazanır. Dediyinə görə, toy məclislərinə hər kəsdən öncə gedir və musiqiçilərin yanında adi stulda oturur. Çalışır ki, toylarda əlil arabasından istifadə etməsin. Deyir ki, toy sahibləri bundan rahatsız olur.

Bir gün söhbət vaxtı fərqinə vardım ki, kişinin kartında çox az sayda kompozisiya var. Kompyuterimi özümlə gətirmişdim reabilitasiya mərkəzinə. Ona təklif etdim ki, kartına başqa musiqilər də yaza bilərəm. Təklifim onun üçün göydəndüşmə oldu. Gülər gözlərində böyük sevinc işartıları sezdim. Kompyuterimdəki bir çox musiqini onun kartına köçürtdüm.

Musiqilərə görə çox minnətdar oldu. Hər dəfə məni görəndə dua edirdi. O qədər sevincli idi ki.. Kiməsə bu cür duyğu yaşatdığım üçün mən də çox sevinirdim. Musiqi dinlərkən onun üzünə diqqətlə baxırdım. Gözlərini yumurdu, üzündə xoşbəxtlik ifadəsi peyda olurdu. Bu üz ifadəsi onu daha da cavan göstərirdi. İlahi, musiqinin təsir gücünə bax. Kişi özü də qeyd edirdi ki, o musiqilərlə nəfəs alır. Vazgeçilməz həzz verən musiqilərin verdiyi xoş hisslər ona əlilliyini və problemlərini unutdururdu.

Bir dəfə məni ziyarətə gələn qohumumla reabilitasiya mərkəzinin dəhlizində söhbət edirdik. Qulaqlarımızda uzaqdan bizə doğru yaxınlaşan musiqi dalğasını hiss etdik. Həmin kişi idi. Salam verdi və korridorun o biri tərəfinə doğru gedib, bir küncdə dayandı. Doğru yadımdadırsa, “kalonka”lardan “Modern Talking” qrupunun ifa etdiyi musiqi koridoru bürümüşdü. Gənc qohumum bayaqdan mənə həyatdan bezdiyini, problemlərdən usandığını söyləyirdi. Qohumuma koridorun bir küncündə dayanıb, musiqinin notları ilə sevişən həmin kişini göstərdim.

Dedim, əngəllərə rəğmən bir ondakı həyat eşqinə bax. Sonra kişini yanımıza çağırdım ki, orada tək qalmasın. Yanımıza yaxınlaşdı, öz məzəli söhbətlərindən edib, bizi xeyli güldürdü. Əlilliyini özünə qətiyyən kompleks etməyən kişi, hətta sırf əlilliyinə görə öz başına gələn hadisələri də bizə lətifə formasında danışırdı. O gedəndən sonra gənc qohumumun bayaq dilə gətirdiyi şikayətlərdən dolayı utandığı aydın bilinirdi. Bu tanışlıq-söhbət onun üçün nümunə oldu.

Bu sətirləri yaza-yaza mən də musiqi dinləyir, arada əllərimi klaviaturadan ayıraraq, rəqs edirəm. Həyat musiqilərlə lap gözəldir. Sadəcə bunu duymaq lazımdır. Gülümsəyin və sevdiyiniz musiqilərdən həzz alın…


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim FikrimcəMusiqi ilə nəfəs alan əngəlli