“Müsəlman Birliyi” Hərəkatının daha üç üzvü saxlanılıb

Saxlanılanların hara aparıldıqları məlum deyil

Foto: Müsəlman Birliyi Hərəkatı


Saxlanılanların hara aparıldıqları məlum deyil

“Müsəlman Birliyi” Hərəkatının üç üzvü saxlanılıb. Amma onların hara aparıldığı, hazırkı yeri barədə heç bir məlumat yoxdur. Bu barədə Meydan TV-yə hərəkatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təşkilatın iki üzvü – İlyas Qasımov və İqbal Sadıqov fevralın 27-də səhər saatlarında Ağcəbədi rayonunda yerləşən çay evlərinin birində olub. Həmin vaxt ora iki nəfər mülki geyimli şəxs gəlib, onların əllərini elə çay evində qandallayıb aparıblar. Həmin şəxslər özləri, bu adamları hara aparmaları haqda heç nə deməyiblər.

“Bundan az sonra hərəkatın üzvü olan daha bir nəfər Ağcabədi sakini – Elməddin Novruzov saxlanılıb. Onu iş yerindən aparıblar. Eyni qaydada, onu aparanların kimliyi, yeri haqda heç nə deməyiblər. Naməlum istiqamətə aparılan hərəkat üzvlərinin harada olduğu, kimlər tərəfindən və hansı səbəbdən saxlanıldığı hələ də bəlli deyil”, – deyə təşkilatdan bildirilib.

“Müsəlman Birliyi” Hərəkatı da, saxlanılan şəxslərin yaxınları da onların durumundan narahatdır, pis rəftara, işgəncəyə məruz qala biləcəklərindən ehtiyatlanırlar.

“Bu addımı hakimiyyətin hərəkat üzvlərinə qarşı növbəti təxribatı kimi dəyərləndiririk”, – hərəkat rəhbərliyi belə deyir.

Daxili İşlər Nazirliyindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, terrorçuluq və s. əməllərdə ittiham olunurlar.

Amma T.Bağırzadə və təşkilatın digər üzvləri ittihamları qəbul etmir, Azərbaycanda siyasi hakimiyyətin əməllərini, özbaşınalıqları, korrupsiyanı açıq şəkildə tənqid etdiklərinə görə şərlənib həbs olunduqlarını deyirlər.

Ana səhifəXəbərlər“Müsəlman Birliyi” Hərəkatının daha üç üzvü saxlanılıb