Vahid Məhərrəmov: ”Kombaynlar gətirilib, amma bu il taxıl istehsalı 400 min tona qədər azalıb”
Prezidentin sentyabrın 3-də Lənkəranda keçirdiyi
müşavirə
bir sıra suallar yaratdı. İndiyə qədər Saatlıda, Sabirabadda və digər rayonlarda aqrar sektorun müxtəlif sahələrinə həsr olunan müşavirələr keçirilib, yüksək səviyyəli inkişafın olduğu vurğulanıb. Lənkərandakı müşavirənin digərlərindən fərqi və yaratdığı suallara kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla cavab tapmağa çalışacağıq.
– Vahid müəllim, prezident bu il Azərbaycana 10 min ən müasir texnika gətirildiyini, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə kreditlər verildiyini, yanacağın, gübrənin böyük hissəsinin dövlət tərəfindən təmin edildiyini deyib. Sizin müşahidələr nə deyir?
– Ümumiyyətlə, bu barədə deyilənləri birinci dəfədir eşitmirik. Hər dəfə müşavirələrdə hökumətin fermerlərə dəstək göstərməsi, texnika alması, subsidiya verməsi söylənilir. Ancaq ortada sözdən başqa heç nə yoxdur. Əslində, aqrar sektora texnikanın dövlət hesabına gətirilməsi yaxşı addım deyil. Müəyyən mərhələdən sonra hökumətin imkanı olmayanda, müstəqil sahibkarlar bu prosesə qoşulmayanda çox ciddi çətinliklər yaranacaq. Ona görə də aqrar sektorda sahibkarın fəaliyyət göstərməsinə imkan yaratmaq lazım idi. Məsələn, xaricdən texnikanın alınması, ehtiyat hissələrinin satışı, lizinqə verilməsi müstəqil sahibkarlar tərəfindən həyata keçirilsə, yaxşı idi. Dövlət bunu öz nəzarətinə götürməklə monstra çevrilir, ikincisi, bahalı texnikanın gətirilməsi ondan istifadənin də baha başa gəlməsilə nəticələnir. Həm dövlət büdcəsindən bu proses üçün maliyyə xərclənir, həm də silinir. Məqsəd heç də kəndliyə yardım etmək deyil. Ötən il hər birinin dəyəri 1 milyon manat olan pambıqyığan kombayn gətirilib, Azərbaycan şəraitində bu maşınların xərcini ödəmək üçün 50 il istismara ehtiyac var. Çünki bu kombaynlar səmərə vermək üçün 30 min hektar sahəyə hesablanıb, Azərbaycanda isə belə sahələr yoxdur. Yaxud əvvəlki illərdə hər birinin qiyməti 200 min manat olan Avropa kombaynları gətirilib. Bunlar üçün də geniş taxıl əraziləri lazımdır. Baxın, bu kombaynlar gətirilib, amma bu il taxıl istehsalı 400 min tona qədər azalıb. Əgər istehsal, məhsuldarlıq artmayacaqdısa, məhsulun maya dəyəri aşağı düşməyəcəkdisə, bu kombaynlara nə ehtiyac vardı? Pambıqçılığın diqqət mərkəzində olmadığı 2005-ci ildə 112 min hektar ərazidə pambıq əkilmişdi, 196 min ton pambıq yığıldı. O zaman həmin bu kombaynlar yox idi, müəllimlər, həkimlər, şagirdlər də pambıq yığımına aparılmırdı. Keçən il isə bahalı kombaynlarla, müəllimlərlə, həkimlərlə, şagirdlərlə 89 min ton pambıq yığıldı. Bilirsiniz, texnikanın gətirilməsi, yaxud çoxlu maliyyə ayrılması hələ nəticə olacağına əsas vermir. Əksinə, özəl sahəyə imkan yaradılmalıdır, onlar daha kiçik texnikanı gətirib, qənaətlə istifadə edib rəqabət qabiliyyətli məhsul çıxarda bilərdilər.
– Ölkə rəhbəri sovet dövründə ətin, südün, toyuq ətinin başqa respublikalardan gətirildiyini xatırladaraq “hazırda bu sahələrdə çox böyük inkişaf var” deyib, ardınca bir sıra rəqəmlər səsləndirib. Bunlarla bərabər, prezident Azərbaycanın özünü 100 faiz ətlə təmin etdiyini bildirib. Siz deyilənləri bölüşürsünüzmü?
– 60 ildir Azərbaycanda yaşayıram, aqrar sektoru da hərtərəfli izləyirəm. Düzdür, Azərbaycan SSRİ-də Heydər Əliyevin birinci katib olduğu zaman “pripiska”ya yol verilirdi, ət-süd istehsalı daha yüksək göstərilirdi. Sovxozlarda 5 min civarında iribuynuzlu heyvanlar, 7-10 min qoyun-keçi saxlanılmasına baxmayaraq, hər kənddə 2-3 mal və qoyun-keçi naxırı çıxarılırdı. Demək olar ki, bütün evlərdə heyvan saxlanılırdı. Bəli, əhalinin sayı indiki qədər deyildi, amma ətin 1 kiloqramı 2,5-3 manat, süd 20-30 qəpik civarında idi. İndi əhali artıb və ətlə təminat ciddi problemə çevrilib. Prezidentin hansı mənbəyə istinad etdiyini bilmirəm, mən isə Dövlət Gömrük və Statistika komitələrinin məlumatlarına istinad edirəm. İkincisi, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının adambaşına təyin etdiyi normalar var. İllik adambaşına ət norması 84 kiloqram, süd 360 litr, yumurta 280 ədəddir. Azərbaycanda ət daxili istehsal hesabına adambaşına 30 kiloqramdır, ümumi istehsal 300 min tondur, halbuki, 840 min ton olmalıdır. Söhbət quş, qoyun və mal ətindən gedir. Deməli, ölkədə ətlə təminat 37 faizdir, 100 faiz yox.
– Müşavirə Lənkəranda keçirildiyindən əsas müzakirə mövzusu çay, çəltik və sitrus meyvələri olub. Düzdür, prezident keçən il 1100 ton çay ixrac edilməsi nəticəsində ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyutanın gəlməsinin xeyrimizə olmadığını da vurğulayıb. Ümumiyyətlə, bu sahələrdə durum necədir?
– Uzun illərdir bu sahələrə laqeydlik hökm sürürdü. Çay istehsalı ciddi şəkildə azalmışdı və ölkə 97-98 faiz idxaldan asılıydı. Düyüyə olan tələbatımız da əsasən idxalın hesabına ödənilirdi. Sitrus meyvələri barədə də bunu demək olar. Hazırkı diqqət o demək deyil ki, kəndlilər bu sahələrlə məşğul olacaq. Bu sahələr artıq “Gilan Holdinq” kimi şirkətlərə və digər oliqarxlara veriləcək. Prezident deyir ki, 2 milyard manata yaxın aşağı faizlə fermerlərə və kəndlilərə kredit vermişik. Ancaq bu sırada kəndlilərin adını tapa bilməzsiniz, hamısı yüksək vəzifəli məmurlara yaxın adamlardır. Həmin maliyyə resurslarının bir hissəsini elə məmurlar aldıqları rüşvətin hesabına ödəyirlər. Yəni bu gün torpaqlar kəndlinin əlindən alınır və oliqarxların nəzarətinə keçir. Kəndlərdə örüş yerləri qalmayıb, insanlar mal-qoyunun otarmağa yer tapmır. Bunlar öz gəlirlərini artırmaq və merkantil maraqlarını üstün tutmaqla heyvandarlığı sıradan çıxarırlar. Prezident özümüzü 100 faiz ətlə təmin etdiyimizi deyir, ancaq bu il ət idxalı ötən ilə nisbətən 2,2 dəfə artıb. Ötən ilin 7 ayında 17 milyon dollarlıq ət gətirilibsə, bu il 39 milyon dolları keçib. Süd, kərə yağı idxalının artması isə o deməkdir ki, hökumətin istisadi siyasəti heyvandarlığı sıradan çıxarır.
– Sabirabadda, Saatlıda pambıqçılıq, Qaxda tütünçülük, fındıqçılıq, baramaçılıq, Lənkəranda çayçılıq, çəltikçilik müşavirələri keçirilib. Bu tədbirlər aqrar sektorda nəyi dəyişib?
– Belə tədbirlər sovet dövründən qalma ənənədir, normal ölkələrdə bu cür müşavirələr keçirilmir. Yalnız sovet hökumətinin siyasətini izləyən ölkələrdə bu cür müşavirələr keçirilir və heç bir faydası yoxdur. Baxın, bir qrup yüksək vəzifəlinin rayonara səfəri yollarda tıxaca səbəb olur ki, bu da müəyyən problemlər yaradır, birinci növbədə işlər dayanır. İkinci, insanlar şəhərlərə məhsul gətirə bilmirlər, ümumiyyətlə, paytaxtda gəlmək müşkülə çevrilir. Müşavirələrdə səsləndirilən rəqəmlər uydurmadır və real situasiyanın dəyərləndirilməsi yoxdur. Həmin müşavirələrdə bir alim, aqrar sahənin peşəkarı çıxış edirmi? Keçən ilin bu aylarında İlham Əliyev hər hektardan 35-40 sentner pambıq götürüləcəyini demişdi, amma 17 sentner götürüldü. 3 sentyabr müşavirəsində isə 20 sentnerdən danışılır. Əslində, müşavirələrdə boş vədlər verilir ki, bu da seçkiöncəsi imitasiyadır. Guya hökumət hansısa işlə məşğuldur. İkinci məqsəd xarici maliyyə qurumlarına, investorlara yönəlib ki, onları ölkəyə cəlb etsinlər. Amma müşavirələrin kənd təsərrüfatına ziyandan başqa təsiri yoxdur. Həmin müşavirələrdə indiyə qədər su çatışmazlığından danışılmayıb, halbuki, ciddi problemə çevrilib. Tədbirlərdə poblemlərdən danışmırlar, gələcəkdə nə qədər maliyyə resursunu cəlb etmək haqda planlaşma keçirirlır. Bu, əslində oliqarx-məmurların daxili planlaşdırmalarıdır.
Söhbətləşdi Natiq Cavadlı