”7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq”
Sentyabrın 3-də prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlət başçısının giriş nitqindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış etdilər.
AZƏRTAC xəbər verir ki, müşavirəyə yekun vuran prezident İlham Əliyev xatırladıb ki, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Artıq əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.
İlham Əliyev bildirib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub:
“Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və istehsal, ixrac artsın, idxal azalsın. Bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Sahibkarlar, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.
Prezident cari ilin 7 ayında ticarət dövriyyəsinin müsbət saldosunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib:
“Biz daha çox ixrac edirik, nəinki idxal. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.
İ.Əliyev kənd təsərrüfatının bütün sahələrinin böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var”.
”Təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir”
İ.Əliyev 2000-ci ildə parlament seçkiləri ərəfəsində Lənkəran rayonuna səfərini xatırladaraq bildirib ki, o vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi:
“Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir”.
”Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir”
Prezident son illərdə 11 min kilometrdən çox yol salındığını qeyd edib:
“Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı. Son illərdə işsizliyin kəskin azalmasına nail olduq. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür”.
Ərzaq təhlükəsizliyinə toxunan ölkə rəhbəri deyib ki, bu istiqamətdə çox önəmli addımlar atılıb. Sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik:
“Bu gün bu sahələr üzrə çox böyük inkişaf var. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq. Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi – Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq.
Prezident bildirib ki, 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib:
“Artıq burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək.Çəltikçiliyin inkişafına gəldikdə, 12 rayonunda çəltikçilik inkişaf edir. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Bu müəssisələrdə həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir. Çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. 1991-ci ildə – müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər”.
”Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar eşitsinlər”
İlham Əliyev ötən il 48 min ton düyü idxal olunduğunu və xaricə 37 milyon dollar getdiyini qeyd edib.
O, sitrus meyvələrinin istehsalında artım olduğunu deyib:
“Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilib. Artım çox böyükdür – 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz. Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq”.