Partiya hakimiyyətin M.Ə.Rəsulzadənin müqəddəs xatirəsinə qarşı baş verən bu vandalizm aktını dövlətçiliyə qarşı yönələn bir hadisə kimi qətiyyətlə pisləyir
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr etmiş Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın müxtəlif yerlərində olan azsaylı abidələrinə qarşı vandalizm halları davam etməkdədir.
Bu fikirlər Müsavat Partiyasının iyunun 3-də yaydığı bəyanatda yer alıb.
Meydan TV-yə daxil olan bəyanatda bildirilib ki, M.Ə.Rəsulzadənin qurduğu universitetdən adının götürülməsi, Bakı şəhərinin mərkəzində heykəlinin ucaldılmasına qadağa qoyulması, büstünün Bakı Metropoliteninin ərazisindən götürülməsi, metronun “28 May” stansiyasının içərisindəki divarda həkk olunan portretinin sökülməsi, Ağcabədi, Ağsu rayonlarında olan büstlərinin götürülməsi faktlarına indi də Gəncə şəhərində daha bir hadisə əlavə olunub: “Azərbaycan Milli Məclisində VHP sədri Sabir Rüstəmxanlı tərəfindən səsləndirilən fikirdən məlum olur ki, dövlət müstəqilliyimizin elan olunduğu Gəncə şəhərində yerli rəhbərlik tərəfindən M.Ə.Rəsulzadənin büstünün təmir olunması adı ilə başına çuval keçirilib və bununla da həm tariximizə, həm də bütün Azərbaycan xalqına hörmətsizlik edilib. Araşdırma nəticəsində məlum olub ki, təmir-bərpa adı verilən bu əməliyyata uzun müddət bundan əvvəl başlanılıb və indiyədək büstün təmirini yüksək iqtisadi inkişafdan danışan hakimiyyət nümayəndələri tərəfindən həyata keçirilmir”.
Müsavat Partiyası hakimiyyətin M.Ə.Rəsulzadənin müqəddəs xatirəsinə qarşı baş verən bu vandalizm aktını dövlətçiliyə qarşı yönələn bir hadisə kimi qətiyyətlə pisləyir, ulu öndərin Azərbaycanın bütün ərazilərindəki abidələrinin bərpasını və bu hadisənin günahkarlarının cəzalandırılmasını tələb edir.