Müsavat Partiyası hakimiyyətdən izahat tələb etdi

”Ölkənin hüquq-mühafizə orqanları “kürü doplomatiyası” ilə bağlı araşdırma aparsınlar”

Source:
Müsavat Partiyası Divanı foto sosial şəbəkə


”Ölkənin hüquq-mühafizə orqanları “kürü doplomatiyası” ilə bağlı araşdırma aparsınlar”

Müsavat Partiyası Avropa Stabillik Təşəbbüsü Təşkilatının apardığı araşdırmalar nəticəsində “kürü diplomatiyası”nda adı keçən şəxslərlə bağlı Azərbaycan hökumətindən izahat tələb edir.

Bu barədə dekabrın 19-da partiyanın Divanının toplantısında bildirilib.

Divan araşdırmada adı keçən, AŞ PA-nın Xalq Partiyası Qrupunun sədri italiyalı deputat Luka Volentyenin etirafları haqqında müzakirə aparıb. Məlum olub ki, həmin deputat Azərbaycan hakimiyyətindən iri məbləğdə rüşvət alaraq, AŞ PA-da Azərbaycandakı siyasi məhbuslar məsələsini blok etmək üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub.

Müsavat Partiyası bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətindən izahat və ölkənin hüquq-mühafizə orqanlarından bu məsələni dərhal araşdırmağı tələb edir.

Partiyadan Meydan TV-yə verilən məlumata görə, toplantıda həmçinin Xəzər dənizində itkin düşən neftçilərin və Türkiyənin Kayseri şəhərində PKK-nın törətdiyi terror nəticəsində həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyin görülən işlər və qərarların icrası bölümündə Balakən rayon təşkilatında keçirilmiş hesabat-seçki yığıncağı və Müsavatçı Qadınlar Birliyinin illik hesabatı haqqında məlumat verilib.

Gündəliyin ictimai-siyasi vəziyyət bölümündə Müsavat AKM təşkilatının Almaniyanın Münster şəhərində siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi etiraz aksiyası haqqında fikir mübadiləsi aparılıb və yüksək dəyərləndirilərək aksiyanın təşkilatçılarına təşəkkür elan edilib.

Divan üzvü Tofiq Yaqublu Bolqarıstanın paytaxtı Sofiya şəhərində iştirak etdiyi ALDE-nin tədbiri haqqında Divan üzvlərini məlumatlandırıb.

Həmçinin İranda həbsdə olan siyasi fəal Murtaza Muradpurun saxlanıldığı həbsxanada 55 günlük ölüm aclığı nəticəsində komaya düşməsi haqda məlumat dinlənilib və Müsavat Partiyası adından İran İslam Respublikası hakimiyyətindən ona qarşı insani davranış və ədalətli məhkəmə tələb edilib.

Ana səhifəXəbərlərMüsavat Partiyası hakimiyyətdən izahat tələb etdi