Vəkil: ”O, ictimaiyyətin həbsdə olan siyasi fəalların işinə daha ciddi diqqət ayırmasını arzuladı”
Sentyabrın 19-da vəkil Yalçın İmanov 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Murad Ədilovla görüşüb.
Bu barədə Meydan TV-yə açıqlama verən vəkil bildirib ki, Murad Ədilov özünü normal hiss edir, saxlanma şəraitindən narazılığı yoxdur: “Dostlara salam göndərən Murad referendumun əleyhinə aksiyaların ardıcıl, davamlı və gur keçirilməsini istəyir. O, ictimaiyyətin həbsdə olan siyasi fəalların işinə daha ciddi diqqət ayırmasını arzuladı. Həm də Azərbaycanda siyasi məhbus problemi aradan qalxmadığından hökumətə qarşı sanksiyaların gündəmə gəlməsini istəyir”.
Murad Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. O, CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə suçlanır. Murad Ədilov özünü təqsirli bilmir və həm özünün AXCP üzvü olmasına, həm də qardaşı Natiq Ədilovun tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini deyir.
AXCP üzvü 6 il azadlıqdan məhrum olunub. Beynəlxalq Amnistiya Təşkilatı onu vicdan məhbusu elan edib.