“Bəhanələri qalmasın, yoxsa seçimi uduzduqda bütün günahı bizə atacaqlar”
Türkiyədə Məmləkət Partiyasının sədri Mühərrəm İncə seçkilərə 3 gün qalmış prezidentliyə namizədliyini geri çəkdi.
Mayın 14-də ölkədə prezident seçkiləri keçiriləcək.
İncə ölkəsi üçün bu addımı atdığını deyib. Eyni zamanda “Bəhanələri qalmasın, yoxsa seçimi uduzduqda bütün günahı bizə atacaqlar” açıqlamasını da verib.
“Son 45 gündə mənə edilən haqsızlığı heç vaxt görmədim. Saxta xəbərlər, saxta şəkillər… İsrail porno saytından götürüb başını kəsib dərc edirlər. Bütün bunlar davam edərkən bu ölkənin prokurorları və jurnalistləri bunu dilə gətirmədilər”,-deyə M.İncə qeyd edib.
Partiya sədri FETÖ və PKK-çıların təzyiqinə məruz qaldığını deyib:
“Bunu yazanlar FETÖ-çülərin ortaqlarıdır. Məndə belə bir görüntü, səs yazısı yoxdur. Bu, şəxsi həyat deyil, böhtandır. Jurnalistlərdən biri yazır ki, bunun fakt və ya montaj olmasının fərqi yoxdur. Bunu deyə bilməzsən, çünki real deyil, o bunu bilir”.
M.İncənin sözlərinə görə, Türkiyə Cümhuriyyəti onun nüfuzunu qoruya bilmədi:
“Bu ölkənin mediası və prokuroru mənim reputasiyamı qorumaq üçün məsuliyyət daşıyır. Başa düşə bilmirəm ki, bu qədər reputasiya sui-qəsdləri olduğu halda bu ölkənin prokurorları niyə meydana çıxmır? Hər şeyim var. Məndən başqa heç kim əmlakını açıqlamır. İzah edirəm, üstümə palçıq atılır. Adam çıxıb deyir, evi hardan almısan. Evimi 2016-cı ildə almışam. Bir tərəfdən FETÖ-cülər, digər tərəfdən də PKK-çılar hücum edir”.
M.İncə 1964-cü ildə Yalova şəhərində anadan olub. O, Cümhuriyyət Xalq Partiyasından millət vəkili olub.
M.İncə 2018-ci ildə növbədənkənar prezident seçkilərində CHP-dən namizəd olmuşdu. Bu dəfə səsini kimə verəcəyini açıqlamayıb.