Müharibə və hər 102 saniyə sonra ölən insan

Təzəlikcə Meydan TV-də “Hansı ölkələrdə müharibə davam edir?” başlıqlı yazı oxudum

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner
Orxan Adıgözəl-Banner


Təzəlikcə Meydan TV-də “Hansı ölkələrdə müharibə davam edir?” başlıqlı yazı oxudum

Məlum oldu ki, hal-hazırda dünyada davam etməkdə olan 28 müharibə var. Bunların bir qismi vətəndaş, digər qismi isə ölkələr arasında olan müharibədir. Həmin müharibə ocaqlarının böyük əksəriyyəti Şərqdədir və hamısına konflikt statusu verilib.

Bu yazı mənə çox pis təsir elədi. Əslində belə təsirlər qaçılmazdır. Özümüzü nə qədər toxtaq tutsaq, nə qədər nikbin düşüncələrə malik olsaq da, bu reallıqlar mövcuddur və belə xəbərlərin mənfi təsiri bizi kədərləndirir.

Reallıq budur, bunu müəyyən qədər qəbul edirik. Bu hal artıq dünya miqyasında elə bil nizama salınıb. Hər gün planetimizdə müəyyən səbəblər ucbatından 160 000 insan ölür. Bura müxtəlif səbəblər daxildir-cinayət qurbanları, avto-qəzalar, xəstəliklər, aclıq və s. Bu ölümlərin indi statistikasına baxıb, dəhşətə gəlirəm. Həmin 160 min ölüm hallarının içinə “müharibənin təsiri ilə ölənlər” də daxildir və o, siyahıda yüksək yeri tutur.

Təsəvvür edin, hər 102 saniyədə müharibəyə görə bir nəfər həyatını itirir. (O biri ölüm hallarının tezlik xəttini yazmayacam.) Bu, heç iki dəqiqə də deyil.

Ən dəhşətlisi bu müharibədə ölən azyaşlı uşaqların olmasıdır. Günahsız körpə fidanlar, silah və bombaların hədəfinə tuş gəlib, həyatla tez bir zamanda vidalaşmalı olurlar. Hər dəfə Suriyalı azyaşlı qızın bir mahnı müsabiqəsində ağlaya-ağlaya “Give us our childhood”(“Bizə bizim uşaqlığımızı qaytar”) mahnısını eşidəndə dünya “nizamı” ilə barışdığıma görə çox utanıram. Gözlərim yaşarır, dözə bilmirəm. Elə bil kimsə məni göyə qaldırıb, sonra yerə çırpır. Bax, nəyi reallıq kimi qəbul etsəm də, uşaqların müharibə yolu ilə ölmələrini qəbul edə bilmirəm. Belə olmamalıdır, amma nə yazıq ki olur və uşaqlar da müharibələrdə ölürlər.

Tarixboyu müharibələr olub. Bu, danılmaz faktdır. Sadəcə bu çağımızda, dünyada elm-texnologiya və mədəni inkişafın fonunda bu qədər qızğın və aramsız müharibələrə şahidlik etmək paradoks vəziyyət yaradır. Bir şeyi dərk etməliyik. Hal-hazırda dünyadakı müharibələr silah-sursat alveri ilə milyardlarla pul qazancına xidmət edir. Bu pullar kimin əlində dövr edir? Silah-sursat istehsalı və satışına görə dünya siyahısına görə ilk pillələrdə duran qlobal dövlətlərin əlində. Müəllifin adını unutmuşam, o, qeyd edib ki, “paradokslar əsrində yaşayırıq, sülh üçün müharibə edirik”.

Terrorçuların əlində olan ən müasir və genişhəcmli silah-sursat bu faktı təsdiqləyir. Necə olur ki, həmin silhlar tez bir zamanda radikalların əlinə keçir?! Nədir, yoxsa həmin silahları oğurlayırlar? Mümkün deyil! Silah satışı prosesi mövcuddur! Həm də geniş miqyasda. Faktiki olaraq terrorçuların əllərində olan silahları kimlərsə satır və mənfəət götürür. Qəribə və müəmmalı oyun gedir – bir tərəfdən radikallara imkan yaradılır, digər tərəfdən isə guya onlara qarşı mübarizə aparılır. Hər iki halda isə ortada silah alverindən qazananlar olur. Və nə baş verir? Hər 102 saniyədə müharibəyə görə bir insan ölür.

ABŞ-ın “The National Interest” jurnalı ötən il üçüncü dünya müharibəsini alovlandıra biləcək 5 ocağın olduğundan yazmışdı (mənbə: Robert Farley. How World War III Starts: 5 ‘Sparks’ That Could Set the World Ablaze / “The National Interest”, 21 noyabr 2015).

Həmin ocaqlar:

1) Bu sırada ilk yeri Suriya münaqişəsi tutur. İŞİD-in güclənməsi dünyanın bütün ölkələrinin təhlükəsizliyinə təhdidlər yaradır. Avropa, Asiya, Afrika və Amerikada yerləşən dövlətlərin heç biri terror aktlarından sığortalanmayıblar. Bu təhlükə artıq Qərbi Avropanı da öz cənginə alıb. İŞİD-in sıralarına günü-gündən qoşulanlardan başqa eyni zamanda ən müasir silah-sursata da malik olmağı faktlığını itirmir. Hətta onlar hədəflərinə müasir elektron vasitələrdən istifadə edərək də çatırlar.

2) “The National Interest” ikinci təhlükə mənbəyi kimi Pakistan-Hindistan münaqişəsini göstərir. Burada da radikal terror qrupları dinc durmurlar. Bu vəziyyət belə davam etsə, Asiyada da ciddi hərbi toqquşmalar başlaya bilər. Təbii ki, həmin ssenaridə Pakistan və Hindistanın müttəfiqləri də işə qarışmağa məcbur olacaqlar. Bəs Asiyada fəaliyyət göstərən radikal qruplaşmalara silahları kimlər və nə üçün satırlar?

3)Üçüncü təhlükə mənbəyi kimi Cənubi Çin dənizi ətrafında yaranmış vəziyyət göstərilir. Burada da Çin, Yaponiya, Koreya, Vyetnam, Tayland, Sinqapur, Malayziya arasında özünü göstərməkdə olan gərginliyə diqqət yetirilir. Onlar arasındakı münasibətlərdə son zamanlar hərbi gücün nümayişi hallarına tez-tez rast gəlinir. Bunun fonunda həmin regionda ABŞ-ın silahlı qüvvələrini artırması və müttəfiqlərinə yeni silahlar satması haqqında informasiyalar da yayılır. Öz növbəsində Pekin həmin ərazidə yeni hərbi qruplaşma (məsələn, ballistik raket daşıya bilən yeni nəsil sualtı qayıqlar) formalaşdırır.

4) Dördüncü təhlükə mənbəyi kimi ABŞ-la Çin arasında gedən silah yarışması göstərilir. Bu ölkələr hərbi sahədə bir-birini qabaqlamağa çalışırlar. O cümlədən Cənubi Çin dənizi akvatoriyasında onların yeni silahlar yerləşdirmək yarışı daha da intensivləşir.

5) Beşinci təhlükə Ukrayna məsələsi ilə bağlıdır. Dünya KİV-i bu ölkəyə silah satışının daha da genişləndiyini vurğulayır. Qərb həm hərbi kontingenti təkmilləşdirir, həm də müasir silahlar verir. Hətta NATO-nun vəziyyətə birbaşa müdaxiləsindən də bəhs olunur. Belə olan halda Rusiya tərəfdən də konkret addımlar atıla bilər.

Paradoksu görürsünüz, deyilmi? Terrorçunun əlində silah olmasa, o, necə döyüşə, belə əl-qol aça bilər axı?

Müharibənin alovu ancaq silah satmaq ilə alışa bilər. Vəssalam.

Bir neçə misal çəkim, deməli, İngiltərə son 5 ildə 32 milyard ABŞ dolları həcmində silah satıb. Özü də silah ixracatının 40%-i həmin regionlarda həyata keçirilir. Təkcə Şimali Afrikaya 8,4 milyard funt-sterlinq həcmində ölümsaçan silahlar verilib. Bu işlərdən dünyada ən çox “qazanan” Böyük Britaniya və ABŞ şirkətləri olub (mənbə: Ortadoğu’da kaos silah şirketlerine yaradı / “Habertürk”, 21 noyabr 2015). Ukraynanın şərqində gedən müharibəyə dolayısı ilə ümumilikdə Rusiya telekanallarında yayımlanan təxminən 120-dən çox hərbi-vətənpərvəlik ruhunda çəkilmiş serialların rolu danılmazdır. Bütün bu qəbildən olan təbliğat və təbliğat öz nəticəsini “uğurla” göstərir.

Sonda”The National Interest” jurnalı xəbərdarlıq edir: “Ölkələrin liderləri anlamalıdırlar ki, müharibə oyunu çox təhlükəli ola bilər və böhranların artmasına imkan verməməlidirlər”

Bu xəbərdarlığa diqqət yetirilməsə dünyamızı, bütövlükdə bəşəriyyəti kütləvi xaos bürüyəcək. Bir neçə gün öncə 1 sutka ərzində terror partlayışlarında 170-dən çox adam öldü. İstanbulda 44 , Somalidə 29, Qahirədə 20, Keniyada 30 və Nigeriyada 30 ölü.

Həqiqətən təhlükəli vəziyyət yaranıb. Bəzən ürəyimə elə gəlir ki, görəsən dünyamızın sonu yaxınlaşır?! İnsan bu qədər qan niyə tökür axı? Müharibələr və onun gətirdiyi acı nəticələri göz önümüzə gətirməliyik, sonra da insanlığımızı. Öləcəyimizi bildiyimiz halda öldürmək bizə nə qədər yaraşır? Nə bilim, ağırdır.. Sevgi və sülh diləklərimi qəbul edin…

Ana səhifəMənim FikrimcəMüharibə və hər 102 saniyə sonra ölən insan