Tahir Quliyev uzun illərdir ki, əlillik dərəcəsinə görə süründürüldüyünü deyir
55 yaşlı Mingəçevir şəhər sakini Tahir Alı oğlu Quliyev on ilə yaxındır ki, əlillik dərəcəsi ala bilməməsindən şikayətlənir.
Dediyinə görə, hərbi xidməti Sovet vaxtı Rusiyada keçsə də, Birinci Qarabağ müharibəsi zamanı da orduya çağırılıb.
1992-ci ilin sentyabrından 1993-cü ilin fevralın 11-nə qədər Qarabağın müxtəlif ərazilərində ağır döyüşlərdə iştirak edib.
Sonuncu döyüşdə mühasirəyə alınaraq sağ ayağının pəncəsindən ağır güllə yarası alır.
Həmin illəri xatırlayan döyüşçü indiki çəkdiyi əzabın o dövrlə müqayisədə dözülməz olduğunu deyir.
“Biz vətənə ən ağır şəraitdə belə xəyanət etmədik, ancaq məmurlar bizlərə xəyanət etdi”, – deyə Tahir Quliyev problemlərini Meydan TV ilə bölüşür.
Müharibə iştirakçısının sözlərinə görə, hazırda səhhətində ciddi problemlər var:
“Ağrıkəsici, sidikqovucu dərmanlardan istifadə edirəm, tez-tez üşütmə, qızdırma verir, qan laxtalanır, təzyiqim qalxır, aşağı sala bilmirəm. Bunları hiss edən kimi dərmanı hazır edirəm ki, çox ağırlaşmayım. İndiyə qədər ağır diaqnozla 70 dəfə xəstəxanada yatmışam, ancaq əlilliyimi vermirlər, neçə ildir süründürürlər”.
“Çəliksiz hərəkət edə bilmirəm, nazirlik isə get, müalicə al, yaşa deyir…”
Dediyinə görə, artıq on ildir ki, Bakıda və Mingəçevirdə “qızıl yel” adı ilə qoyulan səhv diaqnoz və səhv müalicə onun sol ayağına da infeksiyanı salıb.
Güllə yarasının yaratdığı infeksiya ağırlaşdığından vətəndaş iki çəliklə hərəkətə möhtac qalıb. Nə işləyə bilir, nə də gəlir yeri var.
Oğlu hərbi xidmətdədir, həyat yoldaşı və böyük qardaşı isə infarkt xəstəsidir.
Valideynləri də xəstəlikdən vəfat ediblər.
“Diaqnozum 4-cü dərəcəli aterosklerozdur”
Müharibə iştirakçısı deyir ki, vətəndə haqsızlıqlar içərisində yaşamaq əzaba dönüb:
“Elə günlər yaşamışam, düşmənimə arzu etmirəm. Hər yatanda ən azı on gün yatıram xəstəxanada. Elə olur ki, ayılıb özümü xəstəxanada görürəm. Nitqim tutulur, bir stəkan çayı belə anlada bilmirəm. Çəliksiz hərəkət edə bilmirəm. Evdə yataqdan, divardan, stoldan tutub gedirəm. Həyat yoldaşım mənə qulluq edir deyə işləyə bilmir, infarktdır o da. Oğlum səkkiz ayın əsgəridir, 22 manatlıq əsgər pulunu bizə göndərir. Gör, bu nə deməkdir? Dərdimdən yaxınlarım infarkt keçirib ölüb. Həyatda qohum, dost, tanış kömək edir, onların hesabına sürünüb qalmışıq. Dərmanı nə qədər borc-xərclə almaq olar? Vallah, utanıram. Bu, haqsızlıqdır”.
“2012-ci ildə məhkəmə yolu ilə hərbi biletimizi alanda orada adım əlillər siyahısında çıxdı, veteranlar siyahısında yox. Ona görə veteranlıq təqaüdü də almıram. Dedilər ki, sən yaralanmısan, əlillik düşür. Ondan sonra səhhətim də ağırlaşdı, qızıl yel xəstəliyi ilə ayağımı müalicə elədilər. Sonra Hərbi Hospitalda, Bakıda yoxlanış oldu və müəyyən olundu ki, güllə yarasının yaratdığı infeksiyadır. Nə şiş çəkilir, nə ağırlaşmalar aradan qalxır. Diaqnozum 4-cü dərəcəli aterosklerozdur. Ən son ötən ilin sentyabrında Mingəçevir Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində 18 gün yatdım. Yenə imtina verirlər ki, düşmür əlillik”, – belə deyir Tahir Quliyev.
“Sahil Babayev əlillərin pulunu oğurlayır”
Vətəndaşın tək ümidi xəstəliyinə uyğun əlillik dərəcəsini alıb onun hesabına yaşamaq, eyni zamanda, xəstəliyini müalicə etməkdir. Onu incidən isə üzləşdiyi haqsızlıq, yəni müharibə iştirakçısı kimi müraciətinə verilən imtina cavabıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşın ən son müraciətinə verdiyi cavabda belə deyilir:
“Diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik səbəbi ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir”.
Sənəddə isə hər iki aşağı ətrafın limfodeniti və ateroskleroz diaqnozu qeyd olunub. Üstəlik vətəndaş əlavə edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının diaqnozunda: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, – cümləsi yer alıb.
Deyir ki, nazirlik əlillik dərəcəsinin verilməməsində israrlı göründüyündən bu faktlar ona yetərli olmur.
“Beş dəfə əlillik üçün hələ Mingəçevir şəhərində yoxlanıldım, amma imtina verdilər ki, ölümcül duruma düş, sonra baxılsın. Bundan artıq ağır vəziyyət necə olur? Bakıda da yoxlanıldım, yenə imtina cavabı gəldi. Nazirlik mənə: “Get, müalicə al, yaşa”, – deyir. Bu, haqsızlıqdır, hərəkət edə bilmirəm, özümü itirirəm. Mərkəzi Hərbi Hospitaldan dedilər ki, sənə düşür, sadəcə, məqsədli imtina verirlər. Kimə verir bu əlilliyi? Nə qədər qazi, müharibə iştirakçısı özünü yandırıb-öldürdü. Nə qədər insanın əlilliyi kəsilir. Sahil Babayev əlillərin pulunu oğurlayır. Bu insanların ahı ilə necə yaşayırlar? Əlilliyimi düzgün yoxlayıb təyin etsinlər ki, bu xəstə halımla ona sığınıb yaşayım. Axı haradan kömək alım, hansı dövlətə sığınım, səsimi kim eşitsin?”
Bəs rəsmi qurumlar nə deyir?
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-nin sorğusuna cavabında bildirib ki, vətəndaşa qeyd olunan səbəblə əlillik düşmür:
“Mingəçevir şəhər sakini 06.07.1969-cu il təvəllüdlü Quliyev Tahir Alı oğlu əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (Forma-88) əsasında 26.10.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı müəyyən edilib ki, vətəndaşın göndərişdə qeyd olunan hərbi səbəblə əlaqəli diaqnozu əlillik təyinatına əsas vermir”.
“Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir. Ona görə də ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilib”, – deyə o qeyd edib.
Vətəndaşın isə hələ son ümidi də qalır…
5 dəfə həkim yoxlanışından keçərək imtina cavabı alan müharibə iştirakçısı isə son çıxış kimi hüquqlarını müdafiəsi üçün məhkəməyə üz tutacağını deyir:
“Artıq süründürməçilikdən və eyni imtina cavabından bezmişəm. Bunlara pul verilsə, əminəm ki, qısa müddətə əlilliyi verəcəklər. Rüşvətlə həll olunur çoxu. Mən ağır günlərdə vuruşanda, sağlamlığımı itirəndə isti yatağında böyüyənlər mənə, mənim kimi yaralılara imtina verir, süründürür. Məhkəməyə verib hüquqi cəhətdən yenidən yoxlanışdan keçərək əlilliyimi tələb edəcəyəm. Məhkəmədə ədalət olsa, inanaram, olmasa daha ümidüm qalmaz”.