Müharibə iştirakçısı: Möhtac halda yaşamaq məni məhv edir (yenilənib)

Yusif Məmmədovun sözlərinə görə, xeyli müddətdir ki, əlilliyin təyin olunması üçün aidiyyəti qurumlara müraciət edir

Source: Specify Source



16.26.



Şikayət işıqlandırıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Meydan TV-yə bildirilib ki, Məmmədov Yusif Müşviq oğlu qurumun yerli TSEK nümayəndələri tərəfindən müayinə olunub, əlilliyin qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən müvafiq tədbirlər görülüb: "Qazimizə Hərbi Həkim Komissiyası tərəfindən yekun şəhadətnamə verildikdən sonra ona müvafiq əlillik dərəcəsi təyin edilə bilər. Qeyd edək ki, regional TSEK tərəfindən qazimizlə əlaqə saxlanılıb, məsələ DTSERA-nın xüsusi nəzarətindədir".

***


19 yaşlı Yusif Məmmədovun ayaqları funksiyasını itirmək üzrədir, müalicə olunmaq istəyir

“Ağrılarım var, ayaqlarım tutulub, topların səsi hələ də qulaqlarımdan getməyib, əsəblərim pozulub, belə bir vaxtda məni get-gələ salıblar. O, bunun üstünə göndərir, bu, onun üstünə…”

Bunu Meydan TV-yə Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini, 19 yaşlı Yusif Məmmədov deyir. Onun sözlərinə görə, 2020-ci ilin 7 mayında həqiqi hərbi xidmətə gedib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsində iştirak edib. Murov-Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. 3 ay Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə olunub. Maddi imkansızlıqdan müalicəsi yarımçıq qalıb. Sinir sistemi zədələndiyindən ayaqları hissiyyatını itirmək üzrədir. Deyir, ciddi müalicə almasa, yerimə qabiliyyətini həmişəlik itirə bilər.


“Başqalarının yardımı ilə dolanıram”

“Öz ehtiyaclarımı yalnız başqalarının yardımı ilə qarşılayıram. Möhtac halda yaşamaq məni məhv edir. Həkimlərin dediklərinə görə, sağlamlığıma qovuşmaq üçün ya Türkiyədə, ya da İsraildə müalicə olunmalıyam. Ancaq maddi durumum buna imkan vermir. Fiziki əmək qabiliyyətim məhduddur. Atam illər öncə xərçəngdən vəfat edib. Anamsa mənə baxmaqla məşğul olduğu üçün heç yerdə işləyə bilmir”, – Yusif Məmmədov deyir.


“Əlil arabasına otursam, kimə, nəyə lazımam?”

Yusif Məmmədovun sözlərinə görə, xeyli müddətdir ki, əlilliyin təyin olunması üçün aidiyyəti qurumlara müraciət edir:

“Mən əlil qalmaq istəmirəm, əlillik təyinatı mənə pensiya üçün yox, YAŞAT Fondu tərəfindən müalicəyə göndərilmək üçün lazımdır. Fonda müraciət etmişəm, ordan deyirlər, gərək sənə əlillik təyin olunsun ki, biz müalicəyə göndərə bilək. Əlilliyin təyin olunması üçün aidiyyəti quruma müraciət edirəm, deyir, gərək epiqriz təqdim edəsən ki, əlillik təyin edə bilək. Mərkəzi Hospital isə epiqrizə görə məni get-gələ salıb. Ümidim təkcə Ali Baş Komandana qalıb, istədiyim odur ki, biz qazilərin vəziyyətinə şəxsən özü nəzarət etsin, bizi incitməsinlər. Mənim xaricdə müalicə olunmağım üçün göstəriş versin. Əks halda mən gəncliyimi də, gələcəyimi də itirmiş oluram. Əlil arabasına otursam, gələcəyim necə olacaq? Ayaqlarım yeriməyəndən sonra kimə, nəyə lazımam? Hər gün bu barədə düşünürəm, boşluğa düşürəm”.

Meydan TV müxbiri məsələ ilə bağlı Mərkəzi Hərbi Hospitaldan münasibət öyrənməyə cəhd etsə də, alınmayıb.

YAŞAT Fondu İkinci Qarabağ Müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara, şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidmət apararkən, yaxud hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak edərkən yaralanmış və əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına, bu zaman həlak olmuş əməkdaşların ailə üzvlərinə dəstək göstərir.

Ana səhifəBölgəMüharibə iştirakçısı: Möhtac halda yaşamaq məni məhv edir (yenilənib)