Zərərçəkənlər şikayətçi olmadıqlarını deyib
Sentyabrın 15-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, bu il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Məlum olub ki, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər. İclasda zərərçəkmiş kimi tanınmış dörd nəfər də ifadə verib. Onlardan “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri olan Xaliq Faiqoğlu deyib ki, Azadxan Xanməmmədovdan başqa digər şəxslərdən şikayəti yoxdur. Digər zərərçəkmişlər də oxşar ifadə ilə çıxış ediblər.
Növbəti məhkəmə iclası sentyabrın 26-na təyin edilib.
DİN-in yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.