Mühacir jurnalistlər Əliyevin Berlin səfərinə etiraz ediblər

Mənbə: “Facebook”

Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub

Martın 14-də jurnalistlər Əfqan Muxtarlı, Şirin Abbasov və bloger Orxan Ağayev Almaniya Kanslerinin ofisinin önündə aksiya keçiriblər.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfərinə etirazlarını bildiriblər.

Aksiyada “Siyasi məhbuslara azadlıq!”, “Demokratiyanı neftə satmayın!” və “Diktatorlarla görüşməyin!” şüarları səsləndirilib.

Bu barədə Meydan TV-yə jurnalist Əfqan Muxtarlı danışıb.

O deyib ki, onlar Azərbaycanın dövlət başçısının səfərindən gec xəbər tutublar:

Azərbaycan rəsmiləri Avropaya səfər edəndə, burada xəbər yayılmır. Biz martın 13-də xəbər tutduğumuzdan 3 nəfərlik aksiya keçirdik. Almaniya qanunlarına görə 3 nəfərin aksiya keçirməsi üçün rəsmi icazəyə ehtiyac yoxdur”.

Əfqan Muxtarlının sözlərinə görə, aksiyadan əvvəl polis onları ərazidən uzaqlaşdırmaq istəyib:

“Düzdür, güc tətbiq etməsələr də, mane olmaq istədilər. Əslində, polisin yumşaq şəkildə müdaxiləsi oldu, onlar bizə ərazini tərk etməyi məsləhət gördülər. Amma biz aksiyaya davam etdik”.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya Kansleri Olaf Şoltsla və Prezidenti  Frank-Valter Ştaynmayerlə görüşüb.

Ana səhifəSiyasətMühacir jurnalistlər Əliyevin Berlin səfərinə etiraz ediblər