Müəlliməm

Onun barəsində demək olar ki, heç vaxt yazmamışam

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Onun barəsində demək olar ki, heç vaxt yazmamışam. Bəlkə də, ömrümdə gördüyüm ən ziddiyyətli insanlardan biri olduğu üçün. Onun necə – yaxşı, yoxsa pis, səmimi, yoxsa saxta, bədbəxt, yoxsa xoşbəxt olduğunu anlamaq üçün mən illərlə özümə sual vermişəm və bu suallara heç vaxt mütləq cavablar tapa bilməmişəm. Cavabların necəliyindən asılı olmayaraq, mən öz taleyimə belə bir insanla qarşılaşdığıma və uzun-uzadı ünsiyyətdə olduğuma görə çox minnətdaram.

O, mənim kurs rəhbərim idi. Olduqca təmiz, bənzərsiz, zövqlə geyinən, sarışın, alagöz, ortaboy, həyat dolu bir qadın. Hələ tələbəliyimizin ilk günlərindən o, bizlə – doqquz nəfər gənclə çox açıq söhbət etdi. Dedi ki, bilirəm, bura öz istəyinizlə gəlməmisiniz, çünki doğurdan da, teatrşünas olmaq istəyən gənc bura gələndə teatr sənəti haqqında müəyyən məlumatı, görüşləri olur: “Sizdə bu yoxdur. Deməli, teatrşünas olmaq istəmirsiniz. Balınız jurnalistikaya, hüquqa, daha hansı fakültələrə çatmayıb, bura düşmüsünüz. Odur ki, gəlin, bir-birimizi aldatmayaq. Bizdə mühazirə olmayacaq. Daima yaradıcı söhbətlər edəcəyik. İçinizdən ya yaradıcı, ya tənqidçi çıxacaqsa, bir müddətdən sonra bunu özümüz görəcəyik. Özünüzü harada tapacağınız isə öz işinizdir”.

O, bizim hamımıza, uşaqları yaşında olan gənclərə “siz” deyə xitab edirdi. Biz onu heç vaxt quru, rəsmi mühazirə oxuyan pedaqoq kimi görmədik. O, heç auditoriyaya da girmirdi. Hamımızı kafedraya çağırır, çay dəmləyir, ortaya konfet qoyur, hamıya rahat olmasını deyir, çaya qonaq edir və öz işinin – teatr tənqidinin incəliklərindən danışırdı. Dörd il ərzində o, bir dəfə də olsun, heç birimizi incitmədi. Bizimlə rəsmi, qaramat, qorxulu, məsafəli pedaqoqlar kimi davranmadı. Şəxsi ləyaqəti, qüruru, tövrü elə idi ki, heç birimiz onun yanında rüşvət, pul, zaçotpulu və ya başqa şeydən danışa bilməzdik. O, bizi gül almağa öyrəşdirdi. Bir dəfə dedi: “Ümumiyyətlə, gül almağı, gül bağışlamağı öyrənin. Bu, mədəniyyətdir”.

Həmin vaxtlar bizim ailəmiz çox kasıb idi. Elə indi də kasıbdır, amma o vaxt faciəvi dərəcədə yoxsul idik. Mən hər gün Sumqayıtdan Bakıya universitetə gəlib- getməli idim. Ailə üçün bu yolpulunu vermək belə böyük xərc idi. İkinci kursdan sonra kurs rəhbərimiz dedi ki, gəl mənimlə qal. Ailə qurmamışdı, tək yaşayırdı. Təklifində çox ciddi idi. Razılaşdım. Beləcə, valideynlərim mənə yolpulu verməkdən xilas oldu, özüm isə gündə üç saatımı yollarda keçirməkdən.

Dördüncü kursu bitirənə qədər onun evində qaldım. Kasıblıqdan, yorğunluqdan, fərəhsizlikdən arıqlamış bədənim, bozarmış üzüm, o iki il ərzində özünə gəldi, saçlarım belə gurlaşdı. O, durmadan mənə meyvə, şirniyyat yedizdirir, gözəl şərablar alır, deyib-gülür, kefimi açır, yeni insanlarla tanış edir, mənə həyat dərsi keçirdi. Bəzən cibimə pul qoyur, paltar, ayaqqabı alır, bijuteriyalar bağışlayır, həm ucuz, həm də qəşəng geyinməyi öyrədir, rənglərin xüsusiyyətlərindən danışırdı.

O, çox sadə yaşayırdı. Evindəki əşyaların yarısı kitablarla doluydu. Bütün avadanlıq sovet dövründən qalma idi, amma özü o qədər zövqlü, o qədər təmizkar, o qədər qəşəng idi ki, adama elə gəlirdi ki, onun yaşadığı ev saraydır. Canındakı həyat eşqi, qadın kimi azadlığı, rahatlığı sadəcə, inanılmaz idi. O, məclisləri, dostlarla oturub-durmağı, yeyib-içməyi, şənlənməyi sevirdi. Ən maraqlısı da bu idi ki, onun üçün heç bir kateqoriya, sosial status, hətta savad və ya xasiyyət də rol oynamırdı. O, nazir müavini ilə də, alimlə də, “JEK” işçisi ilə də, sadə sürücü ilə də eyni cür dostluq edirdi. O, hətta sözün əsl mənasında qeyri-ciddi, avara adamlarla da dostluq edir, onlarla rahatca söhbət edirdi. Nazir müavininə “siz”i necə ehtiram hissi ilə deyirdisə avara, qeyri-ciddi adamlara da eyni cür ehtiramla “siz” deyə xitab edirdi.

Hərdən mən bu qədər savadlı, ziyalı (onun intellekti doğurdan da üst səviyyədə idi və öz sahəsində əsl peşəkar idi) xanımın belə avaralarla necə dil tapdığına, onlarla necə rahatlıqla danışmağına heyrət edirdim.

Amma onun üçün bircə kateqoriya var idi: insan maraqlı olsun, onunla maraqlı söhbət etmək mümkün olsun.

Aradan on ildən artıq vaxt keçib. Bu illər ərzində mən hər cür, hər xasiyyətdə adamla tanış olmuşam, amma həyatı onun kimi dolu-dolu yaşayan, əhli-kef, zirək, çoxtərəfli, səxavətli və rahatlıqla pul xərcləyən adam görməmişəm. Bir evdə yaşadığımız iki il ərzində ondan mənə bir neçə xasiyyət miras qaldı: hər yerə başının dəstəsi ilə getmək, durmadan məclislər təşkil eltmək, sonsuz bir rahatlıqla pul xərcləmək və insanlarla dostluq edəndə onların sosial statusu, savadı, xasiyyəti barədə düşünməmək.

Bəlkə də, oxucuların böyük əksəriyyəti deyəcək ki, onu mənə elədiyi yaxşılıqlara görə ideallaşdırıram. Yox, əksinə. Onun heç sevmədiyim və barışmadığım cəhətləri də var idi, sadalamaqla bitməzdi. Məsələn, bir neçə il vətəndaş mövqeyi sərgiləyəndən sonra verdiyi qurbanlar onu sındırmışdı. Adsız, titulsuz, təqaüdsüz qalmaq ona ağır gəlmişdi. Buna görə də, bir neçə ildən sonra vətəndaş kimi, ziyalı kimi mövqeyini bir zirzəmiyə tullayıb, sonrada unutmuşdu. O, Elçin Əfəndiyev kimi istedadsız bir dramaturqun əsərləri səhnəyə qoyulanda pyesləri tərifləyən məqalələr yazırdı. Halbuki, gözəl mütaliəsi, sənət duyumu olan bu qadın o tamaşaların niyə səhnəyə qoyulduğu bir yana, bədii cəhətdən zaylığını bilməmiş deyildi. Amma o, ad istəyirdi, mükafatlar istəyirdi, təqaüd istəyirdi.

Bəs, nədir bu qadını barəsində yazmağıma layiq edən? Sadəcə, mənə şəxsən etdiyi yaxşılıqlarmı? Əsla!

Bir çox insan, xüsusilə pedaqoqlar tələbədən aldığı rüşvətin səbəbini ölkədəki vəziyyətə bağlayırlar. Guya vaxtında etiraz edib, mübarizə aparıb, rüşvət almamağa çalışıb, amma görüb ki, acından ölür. Ona görə də, hər şeylə barışıb. Başlayıb rüşvət almağa, simasını itirməyə, yüz cür əclaflıq etməyə. Keçmişdə dost, əqidədaş olduğu insanları təhqir etməyə. Guya həyat onları buna məcbur edib.

Amma mənim müəlliməm göstərdi ki, insanın şəxsi ləyaqəti ona qırmızı xətlər qoyur, “olmazlar” qoyur. Barışmağın da, susmağın da bir qaydası var. Yaxşı, ziyalı kimi susursan, bəs, tələbədən rüşvət almaq nədir?

Bəs, sənə hədiyyə almağa pulu olmayan tələbəni alçaltmaq nədir? Bəs, tələbənin verdiyi salamı almamaq nədir? Bəs, bir vaxt dost olduğun insanları alçaltmaq nədir? Bunudamı səndən hakimiyyət, vəziyyət tələb edir?

Mənim müəlliməm də susmuşdu, barışmışdı, konyuktura ilə məşğul idi, amma o, rüşvət almırdı axı. Ehtiyacı olsa da, almırdı. Atasından qalma evdə yaşasa da, ayda 50 dollar maaşı olsa da, almırdı. Evində tələbəsini saxlayırdı, yanına xahişə gələn kasıb tələbələr üçün müəllim yoldaşlarına ağız açıb, qiymət yazdırırdı. Keçmişdə, müxalifətçi olduğu vaxtlarda dost olduğu insanlar barədə hörmətlə danışırdı.

Müəlliməm barədə təsadüfən yazmadım. Bizi çətin günlər gözləyir. Hələ nə qədər insanlar sınacaq, uzaqlaşacaq, məddah olacaq. Heç kim də qınanmalı deyil. Vəziyyət, doğurdan da çətindir, amma bəzi insanlar tarix cəhənnəm, öz balalarının yanında sabah üzləri ağ olsun deyə heç olmasa balaca çapda vicdan, ədalət, yaxşılıq nümunələri göstərə bilərlər. Bir tələbəyə maddi yardım edə, qazanc gətirənini itirmiş bir ailəyə bir balaca – aybaay kömək edə, gələcəyi olan bir gənci xaricə oxumağa göndərə bilərlər. Bir xəstənin müalicəsini öz üzərlərinə götürə bilərlər.

Qarşıdan çətin zamanlar gəlir. Bir xalq, bir toplum kimi bundan artıq məhv olmaq, deqradasiyaya uğramaq istəmiriksə, biz vətəndaşlar bütün instansiyalardan əlimizi üzüb bir-birimizin qayğısına qalmalıyıq. Ancaq şəxsi qayğı, şəxsi yaxşılıq, şəxsi fədakarlıq hesabına biz qarşıdan gələn çətin illərdən azacıq üzüağ, diri çıxa bilərik.

Ana səhifəMənim FikrimcəMüəlliməm