“Müdafiə Xətti”: “Azərbaycanda qanunsuz cəzalar kütləvi xarakter alıb”

Source: Amerikanın səsi

“Prokurorluq sosial şəbəkə istifadəçilərini nəzarətdə saxlayır”

“Ölkədə sərbəst toplaşmaq azadlığı, ədalətli mühakimə, söz və fikir azadlıqları pozulub, həmçinin qanunsuz cəzalar kütləvi xarakter alıb”.

“Müdafiə Xətti” insan haqları təşkilatının “Azərbaycanda insan hüquqlarının vəziyyəti” ilə bağlı hesabatında belə deyilir.

Hesabat 2022-ci ilin yanvar ayını əhatə edir.

Hesabat müəllifləri ötən ay Avropadan Azərbaycana deportasiya edilən müxalif fəalların saxta ittihamlar əsasında cəmiyyətdən təcrid edilmələrindən narahatlıqlarını ifadə ediblər.

Təşkilat son bir ayda ölkə Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumdünya Bəyannaməsinin və digər beynəlxalq tələblərin kobud surətdə pozulduğunu iddia edib.

“Prokurorluq orqanları sosial şəbəkə istifadəçilərini nəzarətdə saxlayıb, ictimai-siyasi fəalları, media mənsublarını paylaşdığı post və rəylərə görə cəzalandırıb. Baş Prokurorluğun müstəqil olmayan məhkəmələr vasitəsilə jurnalistləri, müxalif fəalları tirajladıqları fikrə görə inzibati qaydada cərimələdib, həbs etdirməsi yeni təcrübədir”, – deyə təşkilat bildirib.

Hesabatda Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsinə xüsusi diqqət yönəldilib.

“Müdafiə Xətti” inanır ki, VİP sədri Əli Əliyevin ehtimallar üzərində qurduğu sözügedən nitqi söz və fikir azadlığına əsaslanır, milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur: “Onun fikirləri Ümmumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu (Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir), Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu (Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir), Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (söz və fikir azadlığı) maddələrinə əsaslanır”.

Hesabatda “Tərtər işi” üzrə həbs edilən hüquqşünas İlham Təhməzovun daim təqib altında olduğu qeyd edilib: “Təhməzov 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin ictimailəşməsində fəal iştirak edən şəxslərdən biridir”.

Təşkilat bildirib ki, yanvar ayında keçmiş siyasi məhbus Qiyasəddin İbrahim özünü yandırmağa cəhd edib. Sənəddə bildirilir ki, o, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyanın verilməməsinə görə etiraz edib.

Ana səhifəSiyasət“Müdafiə Xətti”: “Azərbaycanda qanunsuz cəzalar kütləvi xarakter alıb”