Onlara qarşı bir neçə maddə irəli sürülüb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirdiyi bildirilir. Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər həbs olunub.
Meydan TV-nin əldə etdiyi məlumata görə, əməliyyat zamanı saxlanılanlar arasında Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə də var.
Onlar haqqında DTX-nın İstintaq Baş İdarəsində cinayət işi başlanıb. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.
Cinayət işində milyonlarla büdcə vəsaitinin yeyintisindən söhbət gedir.
Bakı Hərbi Məhkəməsinin qərarıyla Rəfael Xəlilov, Bayram Bayramov, Fərahim Sərkərov və Vüsal Əlizadənin hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərin ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
Dövlət Təhlükəsizliyi Xidməti əməliyyatla bağlı məlumat yaymayıb.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli həbslərlə bağlı ehtimallarını Meydan TV ilə bölüşüb.
Hərbi ekspert bildirib ki, maliyyə sahəsində həbslərin iki əsas səbəbi var; birincisi, türkiyəli hərbi təlimatçıların araşdırmasının sonunda ortaya çıxan nəticə, ikincisi, NATO-nun aidiyyatı strukturlarının Azərbaycan Silahlı Qüvvələrində dəyişikliklərə dəstək üçün anti-korrupsiya tədbirlərinin aparılması şərti:
“Ehtimal ki, bu anti-korrupsiya tədbirlərindən sonra Müdafiə Nazirliyinun maliyyə sistemi yenidən qurulacaq. Türkiyə Silahlı Qüvvələrin təmsilçiləri bunu orduda islahatların vacib elementi hesab edirlər. Eyni zamanda, NATO-nun “Building Integrity” (Dürüstlüyün təmin olunması) proqramı çərçivəsində alyans tərəfindən Azərbaycana praktiki dəstək göstəriləcək. Bütün bunların baş verməsi üçün rəsmi Bakı ordu sahəsində anti-korrupsiya tədbirlərində qətiyyətli olduğunu sübut etməlidir”.
C.Sümərinlinin sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Ermənistan “Building Integrity” proqramının iştirakçısı olmaqla Silahlı Qüvvələrdə anti-korrupsiya tədbirləri üzrə NATO-nun müvafiq strukturlarının dəstəyindən yararlanırlar.
“NATO 2010-cu ildən etibarən Azərbaycana bu proqramda iştirak etməyi təklif edir. Rəsmi Bakı isə razılıq vermirdi. Azərbaycan Müdafiə Təhlükəsizlik sektorunda korrupsiyanın vəziyyəti “kritik” qiymətləndirilir. Sonuncu dəfə “Transparency International” təşkilatının müdafiə sahəsində korrupsiya indexində (2020) Azərbaycan sonuncu yerlərdən birində qərarlaşmışdı”, – ekspert deyib.