Müdafiə Nazirliyindən 77 əsgər ölümünə reaksiya

“Ordudakı itkilərin tirajlaması Silahlı Qüvvələrimizə düşmən münasibətin nəticəsidir”

Source:

“Ordudakı itkilərin tirajlaması Silahlı Qüvvələrimizə düşmən münasibətin nəticəsidir” Müdafiə Nazirliyinin Mətbuat Xidməti Meydan.tv-də (https://www.meydan.tv/az/article/ordumuzun-2014-itkileri-statistika/) yayımlanmış 2014-cü il ərzində Silahlı Qüvvələrdəki itkilərin statistikası ilə bağlı məqaləyə münasibətini açıqlayıb. Qafqazinfo”ya daxil olan cavabda qeyd edilir ki, Silahlı Qüvvələrə qarşı qərəzli mövqeyi ilə seçilən meydan.tv internet resursu və “Azadlıq” qəzeti növbəti dəfə özünü “hərbi mütəxəssis” kimi təqdim edən, gündə bir təşkilatda yerini dəyişən lakin öz adətinə sadiq qalan Cəsür Sümərinlinin Ermənistan mətbuatının da bizə qarşı sevə-sevə və məharətlə istifadə etdiyi Ordumuzdakı itkilər barədə növbəti “statistikası”nı tirajlaması Silahlı Qüvvələrimizə düşmən münasibətin nəticəsidir: “Şübhə doğuran bu rəqəmlərin C.Sümərinli tərəfindən mütəmadi olaraq toplanıb, hər dəfə müxtəlif şərhlər əlavə edilməklə ictimaiyyətə təqdim edilməsi düşmən dəyirmanına su tökmək məqsədi daşımaqla yanaşı dolayı yolla Ermənistan xüsusi xidmət orqanlarına məlumat ötürmək kimi dəyərləndirilir. Müdafiə Nazirliyindən bildiriblər ki, Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından həssaslıqla yanaşılmalı və dəqiqləşdirilməmiş xəbərlərin yayılması yolverilməzdir”.

Sözügedən xəbərdə bildirilir ki, ötən il təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Onların 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Bu rəqəmlər “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəsmi qurumların məlumatları və kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən müəyyənləşib. Ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 25-i döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 49-u isə qeyri-döyüş itkiləridir. “13 nəfər avtoqəzadan, 2 nəfər naməlum səbəbdən, 7 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar və ya ehtiyatsızlıq nəticəsində (asma, güllələmə, ehtiyatsızlıq) dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-i Müdafiə Nazirliyinin, 4-ü Ədliyyə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır”.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyindən 77 əsgər ölümünə reaksiya