“Hazırda Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur”.
Müdafiə Nazirliyinin dekabrın 23-də yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, dislokasiya işlərinin yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda çöl-meşə coğrafi relyefinə uyğun ərazilərdə icra olunduğunu nəzərə almaq lazımdır: “Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır”.
Qurum sosial şəbəkələrdə ordunun nüfuzuna xələl gətirən materialların yayıldığını iddia edir: “Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir”.
“Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb. Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır”, – məlumatda bildirilir.
Müdafiə Nazirliyi hesab edir ki, bəzi məlumatlarda “Dövlət sirri haqqında” Qanunun tələbləri də pozulub.
Müdafiə Nazirliyi əsgərlərin valideynləri də müraciət edib: “Hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bir daha bildiririk ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.