Nazirlik məlumatları təkzib edir
“Bal-E” raket sistemlərinin alınması məqsədilə danışıqlar aparmamışıq və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb”.
Bu sözləri
“Report”
a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlik son günlər müxtəlif kütləvi informasiyalarda vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Bakıya satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları təkzib edib.
“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, – məlumatda qeyd olunub.
“Kommersant”
yazır ki, Azərbaycan Rusiya hərbçilərinin mövqeyi üzündən sahil raket kompleksini ala bilməyəcək.
Məqalədə bildirilir ki, Azərbaycan silahlı qüvvələrinin “Bal-E” sahil raket kompleksləri (SRK) ilə təchiz olunması Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyi üzündən baş tutmayıb. Rusiya hərbçiləri hesab ediblər ki, bu kompleksin raketlərinin hətta ixracat modifikasiyası Rusiya ərazi sularında yerləşən RF Xəzər donanmasının gəmilərinə potensial təhlükə ola bilər.