Parlament mülki, əmək və ailə mübahisələri ilə bağlı “Mediasiya haqqında” qanun layihəsini müzakirəyə çıxarıb
Mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən “Mediasiya haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur.
Mediasiyanın məqsədləri mübahisənin həllinin tərəfləri qane edən variantın əldə edilməsi və tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasıdır.
Layihə haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyli bildirib ki, qanunun tətbiqi məhkəmələrin işini müəyyən qədər azaldacaq. Qanuna əsasən, vətəndaş məhkəmədən əvvəl Mediasiya Şurasına müraciət edəcək və mübahisəli problemə burada baxılacaq. Vətəndaş istədiyi təqdirdə mediasiya prosesindən imtina edərək məhkəməyə üz tuta bilər.
Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.
Mediator – Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.
Müzakirələr zamanı deputat Elmira Axunova deyib ki, bu institutun tətbiqi ölkədə asan olmayacaq. O qeyd edib ki, bu institutla bağlı ciddi maarifləndirmə işi aparılmalıdır. Deputat həmçinin vurğulayıb ki, qanunda olan bir çox müddəa – məsələn, xərclərin kim tərəfindən ödənilməsi və s. məsələlər sual yaradır. Elmira Axundova bu qanunun tətbiqinin 2021-ci ilə keçirilməsini təklif edib. Eyni zamanda, bu quruma kimin nəzarət edəcəyini və hansı yolla maliyyələşdiriləcəyi ilə bağlı məsələni də qaldırıb.
Deputat Qüdrət Həsənquliyev də deyib ki, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət etməli olan tərəflər müəyyən xərclər ödəməlidir: “Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”.
Deputat mediator ola biləcək şəxslərlə bağlı qanunda qoyulan tələblərə də irad bildirib. O qeyd edib ki, mediatorlar üçün hüquqşünas olmalıdır, ancaq qanunda bununla bağlı xüsusi bənd yoxdur:
“Mediasiya institutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur. Qanuna görə, mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır. Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs tərəflər arasında necə vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələbi qoyulmalı, eyni zamanda hüquqi təcrübələrinin olması tələb edilməlidir. Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə orqanlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa vətəndaşı boş yerə məcbur edəcəyik ki, məhkəmədən əvvəl mediatora müraciət etsin”. (edited)
Q.Həsənquliyev mediator üçün qoyulan 25 yaş həddinin də artırılmasını təklif edib: “Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Harada görünüb ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyası yerinə yetirsin? Ona görə də mediatorlarla bağlı yaş həddi də ən azı 30-a qaldırılmalıdır”.
Deputat Əflatun Amaşov isə Mediasiya Şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib:
“Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağlı məhkəmələrə gedən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, Mediasiya Şurasının fəaliyyəti üçün həm də dövlət büdcəsindən vəsait ayrılmasa, bu institutun fəaliyyətində çətinlik yaranacaq”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir.
Mediasiya proseduru mülki, əmək və ailə mübahisələri yaranan mübahisələrə o halda tətbiq olunmur ki, belə mübahisələr mediasiya prosedurunda iştirak etməyən üçüncü şəxslərin və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin maraqlarına toxunur və ya toxuna bilər.
Cinayət və inzibati xətalar haqqında işlərdən irəli gələn mediasiya prosesində iştirak şəxsin təqsirli olmasının sübutu kimi istifadə oluna bilməz.
İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) və ya cinayət prosesini həyata keçirən orqanlar icraatında olan mübahisəyə aid cinayət və inzibati xətalar haqqında işlərə dair məlumatları başlanmış mediasiya üzrə mediatorun müraciəti əsasında ona təqdim edir.
Cinayət və inzibati xətalar haqqında işlər üzrə barışıq sazişi və ya mediasiyanın nəticələrinə dair protokol icraatında mübahisə ilə bağlı cinayət və ya inzibati xəta haqqında iş olan inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlara (vəzifəli şəxslərə) və ya cinayət prosesini həyata keçirən orqanlara təqdim edilməlidir.
Mediasiya proseduru fiziki və hüquqi şəxslərin iştirakı ilə mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan və tərəflərdən birinin dövlət orqanı olduğu mübahisələrə tətbiq edilmir.
Mediasiya prosesi cinayət və inzibati xətalar haqqında işlər üzrə icraatı əvəz etmir.