”Qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil”
Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.
Qurumun Aparat rəhbəri Toğrul Məmmədov “Report”a açıqlamasında bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: “Qanunvercilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam
Allahşükür Paşazadə
ölkədə dini telekanalın yaradılmasını təklif edib. O, sentyabrın 27-də Məhərrəm ayının başlanmasına həsr olunan tədbirdə deyib ki, bu barədə prezident İlham Əliyevlə söhbət edib.