MTN-nin şöbə rəisinin məhkəməsi başlayıb

Vüsal Ələkbərovun vəkili cinayət işinə xitam verilməsini istəyib

Source:


Vüsal Ələkbərovun vəkili cinayət işinə xitam verilməsini istəyib

Yanvarın 12-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan şöbə rəisi Vüsal Ələkbərovun məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Vüsal Ələkbərovun vəkili cinayət işinə xitam verilməsi və işin yenidən istintaqa qaytarılması barədə vəsatət verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra iclasda zərərçəkmiş şəxslər mülki iddia ilə çıxış ediblər. Hakim mülki iddialara məhkəmə istintaqı zamanı baxılacağını deyib.

Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir. İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Ana səhifəXəbərlərMTN-nin şöbə rəisinin məhkəməsi başlayıb