”MTN işi”: Qardaşımla qaynımın həbsdən azad edilmələri üçün 2 milyon manat istədilər

Vüsal Ələkbərov: “Bizim gücümüzə bu gün rahat yaşayırsınız”

Source:


Vüsal Ələkbərov: “Bizim gücümüzə bu gün rahat yaşayırsınız”

Aprelin 14-də Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gələrək əmlaklarını əllərindən almaqda ittiham olunan Vüsal Ələkbərovun məhkəməsi olub.

Vüsal Ələkbərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub.

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə iş adamı Arzu Kazımov ifadə verib.

Arzu Kazımov zərərçəkmiş şəxslərdən Nizami Kazımovun qardaşı, Hüseyn Səfərovun isə bacısının həyat yoldaşıdır. O, ABU-nun rektoru Elşad Abdullayev video yayandan sonra həbs edilib. Sonradan Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Arzu Kazımov bildirib ki, tarixini xatırlamadığı bir gün MTN-dən ona zəng gəlib. Zəng edən müstəntiq onu MTN-ə çağırıb:

“Mən MTN-ə gəlməyəcəyimi bildirdim. Bir qədər sonra həmin müstəntiq yenə zəng vurdu və Vüsal Ələkbərovla əlaqə saxlamağımı istədi. Danışdım. Həmin gün onunla MTN-nin arxa hissəsində görüşdük və qardaşımla qaynım barədə danışdıq. Onların həbsdən azad edilmələri üçün hər biri tərəfindən 2 milyon manat ödənilməsini istədi. O qədər pulumun olmadığını dedim. Bu söhbətin üstündən iki ay keçdi, fikirləşdim ki, yəqin onları sərbəst buraxarlar. Nə cinayət törədiblər ki, bu qədər pul tələb edirlər. Ancaq belə etmədilər. Məcbur qalaraq Eldar Mahmudovun qəbuluna getdim. Eldar müəllim onların işlərinin araşdırılacağını, lazımi köməkliyin göstəriləcəyiniu dedi”.

Arzu Kazımov qeyd edib ki, bundan sonra MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevlə görüşüb: “Xidməti otağında qardaşımın və qaynımın həbsdən azad edilməsi üçün tələb olunan məbləğin verilməsini istədi. Ona da bildirdim ki, istənilən pulu verən deyilik. Qohumlarıma da həmin pulu verməmələrini dedim. Amma onlara içəridə hansı təzyiqi göstərdilərsə, tələb olunan məbləği verdilər. Bu gün də hər ikisi banklara pul ödəyirlər”.

Şahidin ifadəsinə münasibət bildirən Vüsal Ələkbərov isə bildirib ki, Nizami Kazımov və Hüseyn Səfərovdan pul tələb etməyib: “Onlardan tələb olunan zərərçəkmişlərə ödənilməli olan pul idi. Zərərçəkmişlərə dəymiş ziyan ödəniləndən sonra hər ikisi sərbəst buraxılıb “.

Arzu Kazımov isə Vüsal Ələkbərovun düzgün danışmadığını deyib: “Görüşümüz zamanı Vüsal Ələkbərova dedim ki, ikisinin həbsdən azad olunması üçün 500-600 min düzəltməyə bəlkə gücümüz çatar. Bizim iki milyon dollara gücümüz çatmır”.

Vüsal Ələkbərov bu zaman şahidi yalan danışmaqda ittiham edib.

Bu zaman Arzu Kazımov Vüsal Ələkbərov və MTN-nin vəzifəli şəxslərini ittiham edib: “Hər kəsə məlumdur ki, MTN-də nə işlər görürdünüz, nə edirdiniz ”.

Vüsal Ələkbərov isə ona belə cavab verib: “Biz MTN-də şərəfli iş görmüşük. Bizim gücümüzə bu gün rahat yaşayırsınız. Biz heç kimə hədə-qorxu gəlməmişik, şər-böhtan atırlar. Şər-böhtana görə burada oturmuşuq. Mənim Arzu Kazımovla ümumiyyətlə görüşüm olmayıb, onu Mövlam müəllimin xidməti otağında görmüşəm. Mövlam müəllim də deyib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməlidir. Bundan sonra Nizami Kazımov və Hüseyn Səfərovun həbs qətimkan tədbiri dəyişdirilə bilər”.

Məhkəmə prosesi aprelin 28-də davam edəcək.

İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Ana səhifəXəbərlər”MTN işi”: Qardaşımla qaynımın həbsdən azad edilmələri üçün 2 milyon manat istədilər