”MTN işi”: Gördüm ki, silahı uşağa dirəyiblər

Zərərçəkmiş: “Səhvən qonşunun evində axtarış aparıblar”

Source:
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi


Zərərçəkmiş: “Səhvən qonşunun evində axtarış aparıblar”

Avqustun 4-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və onunla birlikdə mühakimə edilən Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin növbəti məhkəmə iclası olub.

Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.

Zərərçəkmiş şəxslərən Mətləb Mustafayevin bacısı olan İradə Hümbətova ifadəsində deyib ki, MTN əməkdaşları onların evində axtarış aparıblar:

“Bizim evdə axtarış aparmamışdan bir neçə gün əvvəl qonşumuzun evində axtarış aparmışdılar. Bizim evin nömrəsi 13, onlarınkı 15-dir. Səhvən həmin evə getmişdilər. Sentyabrın 17-də qızımın ad günü idi. Axşam qardaşımgilə getmək üçün həyətə çıxdıq. Yoldaşım maşını qarajdan çıxardanda qızım qışqırdı. Gördüm ki, silahı uşağa dirəyiblər. Dedilər, evdə axtarış aparmalıyıq. Mən “Quran”ı və bıçağı gətirib and içdim ki, əgər evə nəsə qoysalar özümü doğrayacam. Axtarışın video çəkilişinin aparılmasını istədim. Bütün evi dağıtdılar. Qaynımgil qonşumuzdur. Onların həyətinə də keçmişdilər. Qaynımın uşağı qorxdu, gözünə qan damdı. Bütün evi dağıdıb getdilər. Bizi bütün məhlədə biabır etdilər”.

Daha sonra sualları cavablandıran İ. Hümbətova deyib ki, MTN-də çalışmış və həbs edildikdən sonra ölən qardaşı Malik Mustafayevin intihar etməsinə inanmır:

“Qardaşım Mətləb Əmlak Komitəsindəki işindən çıxarılandan sonra Kərəm Həsənovdan şikayət etmişdi. Kərəm Həsənov da Eldar Mahmudovla yaxın idi. Bütün bunlar ona görə baş verdi”.

Mətləb Mustafayev isə axtarışın qanunsuz keçirildiyini, bu işlərə günahkar Elçin Quliyev olduğunu deyib. Bu zaman tərəflər arasında mübahisə düşüb. E.Quliyev ona “mənə barmağını silkələmə” deyib. Hakim M.Mustafayevin hərəkətlərinin aktlaşdırılması və müvafiq quruma göndərilməsi barədə qərar qəbul edib. Bildirib ki, o, dəfələrlə məhkəməyə hörmətsizlik edib.

E.Quliyev isə həmin məsələlərdə günahı olmadığını deyib. Billdirib ki,vəzifəsi əməliyyat məlumatını istintaq orqanına təqdim etmək olub və bunu edib:

“Malik Mustafayevə hörmətim olub. Mənimlə görüşüb ayrılıb. Gedəndə mənə nə deyib onu qapalı iclasda deyəcəm”.

Növbəti iclas avqustun 18-də keçiriləcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlər”MTN işi”: Gördüm ki, silahı uşağa dirəyiblər