MTN işçisi başımızı kəsəcəyi ilə hədələyirdi

Qüvvətəli Süleymanov 1995-ci ildən tikinti şirkətlərində iş icraçısı işləyib. Növbəti iş yerlərindən biri “Afina” MMC olub. O, bu şirkətin direktor müavini, həm də payçısı idi. Xanımı deyir ki, yoldaşı Yasamalda inşa olunan çoxmərtəbəli binanı təhvil verəndən sonra pulunu tələb edəndə mübahisələr başlayıb. 2013-cü ildə Qüvvətəli Süleymanov həbs edilib. Rəsmi məlumatda yazılıb ki, o əlbir olduğu Rauf Xəlilovla saxta müqavilələr tərtib edərək vətəndaşlara mənzil satmaq adı ilə onlardan ümumilikdə 429 min manat alıb. Sevda Süleymanova iddia edir ki, ərini ləğv olunmuş MTN-in keçmiş işçisi Akif Mustafayev və şirkətin payçılarından Nail Şahverdiyev həbs etdirib. “Nail Şahverdiyev Akula Akifə (Akif Mustafayevə) zəng eləyib. Bilirsiniz, o MTN-nin kassiri idi. Nail ona zəng edib səsgücləndiriciyə qoyub. Akula deyib ki, Qüvvət,sənə nə deyilər, onu da elə, eləməsən, balalarının da, yoldaşının da başını kəsərəm, səni də məhv eləyərəm. Ondan sonra Moskvada Mübariz Məmmədovla danışıblar. O da deyib ki, Qüvvət, sənə nə deyirlər, onu da elə. Əgər imza atsan, səni tutdurmarıq. Kişi kimi söz veririk. İmza atmasan, ailəni yerlə yeksan eləyərik. O məcbur olub həmin ərizəyə imza atıb. Nail Şahverdiyev bu dəfə Ağır Cinayətlər Məhkəməsində etiraf etdi ki, həmin sənədi özü tərtib edib. Orada o yazıb ki, mən evləri satmışam, guya borclarım olub satıb onlara vermişəm”.

Sevda Süleymanova deyir ki, “Afina” MMC  ərinə 3 milyon manat borcludur. Yoldaşı 6 milyon 600 manata binanı tikib təhvil verəcəyini bildirib və müqavilə bağlayıblar. “Afina” MMC o pulun 3 milyon manatını qaytarmayıb. Qadın deyir ki, yoldaşı pulunu tələb edəndə onu həbs etdiriblər.

2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Qüvvətəli Süleymanovu dələduzluq və vəzifə saxtakarlığında təqsirli bilərək 10 il müddətinə həbs cəzası verib. Qüvvətəli Süleymanov son sözündə deyib ki, onun heç bir günahı yoxdur və aldadılıb. Məhkəmədən sonra Sevda Süleymanova dövlət qurumlarına şikayət məktubları yazıb. Deyir ki, göndərdiyi 300 məktubun birinə də cavab verilməyib.

Ləğv olunan MTN-nin keçmiş işçisi Akif Mustafayev İnterpolda axtarışdadır. İnterpolun saytında qeyd olunur ki, Akif Mustafayev rüşvətxorluqda ittiham olunur və Azərbaycanın məhkəmə orqanları onu axtarır.

“Afina” MMC-nin payçısı Nail Şahverdiyev isə nə iş, nə də şəxsi telefonlarına cavab verməyib.

Ana səhifəVideoMTN işçisi başımızı kəsəcəyi ilə hədələyirdi