“Sizin bu məsələ ilə bağlı mövqeyiniz artıq bəllidir”
Milli Təhlükəsizlik Nazirliyinin generalları – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəhbəri, general-mayor Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, bu idarələrin işçiləri olmuş Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev və Anar Şirəliyevin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Onların haqqında çıxarılmış hökmdən narazı qalmış keçmiş MTN-çilərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə baxılır.
Oktyabrın 29-da keçirilən məhkəmədə Sübahir Qurbanovun vəkili Adil İsmayılov hakimlərə etiraz edib. Yazılı etirazını məhkəməyə təqdim edən vəkil bildirib ki, eyni hakimlər MTN işi üzrə başqa bir qrupun – sabiq MTN generalı Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun da apelyasiya şikayətinə baxıblar. Vəkilin sözlərinə görə, onun müdafiə etdiyi Sübahir Qurbanova verilən ittihamlar arasında elələri var ki, Akif Çovdarova qarşı da eyni məsələ ilə bağlı ittiham irəli sürülüb. Və bu hakimlər artıq o işdə həmin ittihamları təsdiqləyiblər. Vəkil bildirib ki, həmin hakimlərin eyni məsələ ilə bağlı fərqli nəticəyə gəlməsi mümkün deyil. Yəni bu məhkəmədə baxılan məsələlərə hakimlərin münasibəti artıq bəllidir.
Vəkil bildirib ki, etirazın əsaslarından biri də apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərardır: “Bu işdə elə məsələlər var ki, onlar araşdırılmadan ədalətli qərar qəbul oluna bilməz. Başqa bir məsələ əmlaklarla bağlıdır. Məlumdur ki, bu işə aidiyyəti olmayan adamların mülkiyyətində olan əmlaklar da müsadirə olunub. Sübahir Qurbanova münasibətdə də elə olub. Müxtəlif adamların əmlakları Sübahir Qurbanovun əmlakı kimi müsadirə edilib. Əmlak sahibləri də maraqlı şəxs qismində Bakı Hərbi Məhkəməsinin hökmündən şikayət veriblər. Akif Çovdarovgilin işində maraqlı şəxslərin bu barədə şikayətləri qəbul olunub, baxılıb. Bu işdə isə ilkin baxış iclasının qərarında elan edildi ki, maraqlı şəxslərin şikayətləri ümumiyyətlə, qəbul edilmir”.
Vəkilin etirazıyla bağlı qərar oktyabrın 30-da məlum olacaq.
2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.
Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə məhkəmə qarşısına çıxarılıb.
Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.
Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.