MTN generalının işi: Vüsal Ələkbərov məni hədələyir

Mövlam Şıxəliyev, Foto: Report.az

“Dedi ki, nazirin göstərişidir, 3 milyon verməlisən”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, eləcə də Baş İdarənin tabeliyində olan idarə və şöbələrə rəhbərlik etmiş Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun məhkəməsi davam edir. Mövlam Şıxəliyevdən fərqli olaraq, digər üç nəfər həbsdə deyil.

“Vüsal Ələkbərov da həbs olunsun”

Noyabrın 16-da Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında bu işdə 32 zərərçəkmişdən biri olan Hüseyn Səfərov ifadə verərkən Vüsal Ələkbərovun da həbs olunmasını tələb edib. Bu barədə vəsatət qaldıran Hüseyn Səfərov bildirib ki, Vüsal Ələkbərov ondan şikayətini geri götürməyi tələb edir, onu hədələyir:

“Bu gün azadlıqda saxladığınız Vüsal Ələkbərov mənə hədə-qorxu gəlir. Məhkəmənin qabağında məni hədələyib deyir ki, ərizəni geri götürməsəm, mənim üçün pis olacaq. Xahiş edirəm, onun barəsində həbs qətimkan tədbiri seçilsin. Bizə qarşı təzyiqlərin qarşısı alınsın”.

“Deyirdi ki, pulu düzəldin verin, səni buraxaq”

“Kapitalbank”ın keçmiş filial müdiri Hüseyn Səfərov ifadəsində deyib ki, o, MTN daxilində yuva salmış mütəşəkkil cinayətkar dəstənin qurbanı olub:

“Bu gün təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında dayanan Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri mənə qarşı dəhşətli cinayət törədiblər. Özlərindən cinayət işi uydurub, məni girov götürüb, 67 gün MTN-in binasında saxlayıblar. O müddətdə mən günboyu MTN-də müstəntiqlərin kabinetində oturub gözləmişəm ki, qohum-qardaşım bu cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolları nə vaxt toplayacaq”.

Zərərçəkən daha sonra deyib:

“Ancaq gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlam Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırmışdı. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, səni buraxaq. Əks halda, uzunmüddətli həbs cəzası alacağımı, işgəncəyə məruz qalacağımı deyib, hədələyirdilər”.
“Bu qəfəsdə Mövlam Şıxəliyevin yanında Eldar Mahmudov da oturmalıdır”

Zərərçəkmişin sözlərinə görə, Mövlam Şıxəliyev həbsdən buraxılması üçün ondan pul tələb edəndə nazir Eldar Mahmudovun belə göstəriş verdiyini deyirdi:

“Bu məhkəmədəki qəfəsdə Mövlam Şıxəliyevin yanında Eldar Mahmudov da oturmalıdır. Mənə qarşı cinayətdən onun da xəbəri vardı. Mövlam Şıxəliyev özü deyirdi”.

Hüseyn Səfərov bildirib ki, qohumları 3 milyonu düzəldə bilmirdi. Bunu söhbətlərin birində Mövlam Şıxəliyevə çatdırıb. İstintaq Baş İdarəsinin rəisi məbləği 2 milyona salıb: “Dedi ki, heç olmasa, 2 milyon dollar gətirsinlər. Gördülər ki, pulu düzəldə bilmirik, təklif elədilər ki, böyük hissəsini gətirsinlər, sonra qalanı da verilər”.

Zərərçəkmiş deyir ki, qohumları 1 milyon 650 min dollar düzəldib, oğlu Rüstəm Səfərova veriblər. O da gətirib MTN-in poliklinikasının yaxınlığında Vüsal Ələkbərova təqdim edib. Bundan sonra Hüseyn Səfərov haqqında həbs qətimkan tədbiri dəyişib və o, azadlığa buraxılıb. Qətimkan tədbirinin dəyişməsinə əsas kimi isə onun səhhətində problemlərin olması göstərilib. Həbsdən buraxanda da xəbərdarlıq edilib ki, qalan 350 min dolları gətirməsə, bu dəfə həm özü, həm də oğlu həbs olunacaq:

“Vüsal Ələkbərov oğluma zəng eləyib ki, pulu götürüb gəlsin. Cinayət işində dediklərimi sübut edən telefon danışıqlarının çıxarışı var. Pul alınandan sonra MTN-ə həkim briqadası çağırıb, mənim ağır xəstə olmağım barədə rəy aldılar və bunun əsasında da həbs qətimkan tədbiri dəyişdi”.

“Zəng elədi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir”

Zərərçəkən deyir ki, dekabrda buraxılıb, apreldə Vüsal Ələkbərov MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında qalan 350 min dolları oğlu ilə ondan alıb.

“Bu adamların gözləri doymurdu. Bir ay sonra Vüsal Ələkbərov mənə zəng elədi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefonu aldırdı, hərəsi də 6500 manata. Vüsal Ələkbərovun xidməti otağında telefonları aparıb verdim. Bir neçə ay sonra yenə zəng elədi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. 21 min dollarlıq qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. Qələbə dairəsində 800 manatlıq ov tüfəngini ona verdim. Həmin silahı mənim yanında qardaşına verdi. Bu adamların tamahkarlığı sonsuzdur”, – Hüseyn Səfərov deyib.

“MTN-çilər ailə üzvlərimin müflisləşməsinə, xəstəlik tapmalarına səbəb olublar”

Zərərçəkmiş əlavə edib ki, hazırda məhkəmə qarşısında dayanan sabiq MTN-çilər onun və ailə üzvlərinin müflisləşməsinə, xəstəlik tapmalarına səbəb olublar:

“Mən girovluqda qaldığım günlərdə keçirdiyim stress sonradan səhhətimdə özünü göstərdi. Ürəyimdə açıq əməliyyat aparıldı, gözümdən əməliyyat olundum”.

Vüsal Ələkbərovun həbsi barədə zərərçəkmişin qaldırdığı vəsatətlə bağlı məhkəmənin qərarı noyabrın 23-də keçiriləcək növbəti məhkəmə iclasında məlum olacaq.

Xatırlatma

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Ana səhifəSiyasətMTN generalının işi: Vüsal Ələkbərov məni hədələyir