Mövlam Şıxəliyevin səhhəti məhkəməni davam etdirməyə imkan verməyib
Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəis müavini, daha sonra rəisi işləmiş, hazırda isə həbsdə olan general Mövlam Şıxəliyev, Baş idarəyə tabe olan İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində çalışmış Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi davam edir.
Noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən Yasin Məmmədov ifadə verib. MTN-də bir sıra qalmaqallı cinayət işlərinin müstəntiqi olmuş Yasin Məmmədov özünü təqsirli bilməyib. O, zərərçəkmiş qismində tanınan şəxslərdən vaxtilə hədə-qorxu ilə külli miqdarda pul alması barədə ittihamda yazılanları qəbul etməyib.
Təqsirləndirilən 4 keçmiş MTN-çidən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər üçü barəsində isə istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə prosesinin gedişində təqsirləndirilən generalın vəziyyəti pisləşib. Onun yıxıldığını görən Penitensiar Xidmətin əməkdaşları dərhal dəmir qəfəsə daxil olaraq, ona yardım edib. Bu səbəbdən məhkəmə prosesində fasilə elan edilib. Bakı Hərbi Məhkəməsinə Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Mövlam Şıxəliyevin durumunun onun yenidən hakim qarşısına çıxmasına imkan vermədiyi bildirilib. Ona görə də məhkəmə prosesi noyabrın 12-nə qədər təxirə salınıb.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.